AZ

Elnurə Abuşova: "Məişət zorakılığı qlobal miqyasda ciddi təhlükəyə çevrilib" » AzadMedia.az


Hər il Gender əsaslı zorakılıqla mübarizə məqsədilə 25 noyabr-10 dekabr tarixləri arasında 16 gün dünyada müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlər təşkil edilir. Bu müddət cəmiyyətdə qadınlara qarşı zorakılığın önlənməsi, zorakılığa məruz qalan şəxslərin müdafiəsi, insan hüquqlarının təşviqi və problemin açıq şəkildə müzakirəyə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan da daxil olmaqla dünya ölkələrinin demək olar ki, hamısında məişət zorakılığının qarşısının alınması ən aktual problemlərdən birinə çevrilib. Onun sözlərinə görə, statistik göstəricilər bu problemin nə qədər təhlükəli miqyas aldığını açıq şəkildə ortaya qoyur:

"Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, həyatlarında ən azı bir dəfə partnyoru tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalmış qadınların ümumi sayı dünya üzrə 736 milyondan çoxdur. Məişət zorakılığının qurbanlarının 90 faizindən çoxu iqtisadi zorakılığın hansısa formasını yaşayıb. Eləcə də belə zorakılığa məruz qalan zərif cinsin nümayəndələrinin 60 faizi partnyorun təzyiqi nəticəsində işini itirib. Fiziki zorakılıqdan istifadə edən kişilərin 95 faizinin isə həm də psixoloji zorakılıqdan istifadə etdiyi yenə Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarında öz əksini tapıb. Qadınlara qarşı aqressivlik göstərən kişilər çox vaxt uşaqlara qarşı da eyni davranış sərgiləyirlər. Bir qayda olaraq da, qətl törədən qadınlar uzun illər partnyorlarının hədələrinə, döyülmələrinə, təhqirlərinə məruz qalanlar olub".

QHT sədri təəssüflə bildirib ki, Azərbaycanda da məişət zorakılığı ilə bağlı statistika xoş olmayan mənzərəni üzə çıxarır, Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə son 2024-cü ildə məişət zorakılığı üzündən həyatını itirən qadınların sayı 29 olub, 2023-cü ildə ailə-məişət zorakılığı nəticəsində öldürülən qadınların sayı 49-dur:

"Statistika ilə yanaşı, konkret hadisələr də məişət zorakılığının dəhşət dolu miqyasını və başlıca səbəblərini daha yaxşı təsəvvür etməyə imkan verir. Araşdırmalar göstərir ki, zorakılığın böyük əksəriyyəti qısqanclıq, qarşılıqlı ittihamlar səbəbindən baş verib. Məişət zorakılığı zəmində sonu qətllə bitməyən cinayətlərin sayı da xeyli çoxdur və araşdırmalardan üzə çıxır ki, qadınlar ən çox fiziki və psixoloji zorakılığa məruz qalırlar.

Son rəsmi məlumatlara görə, 2023-dən 2024-ə keçid illərində məişət zorakılığı ilə bağlı zərərçəkənlərin sayı azalmışdır (-2.8%). Lakin əvvəlki illərdə artım müşahidə olunub: 2022 -2023 arasında cinayətlər nəticəsində zərərçəkənlərin sayında +2.6 % artım var. Eyni zamanda müraciətlər baxımından 5 il ərzində 3.3 dəfə artım olub.
Azərbaycanda qadınlara qarşı ən çox qeydə alınan fiziki zorakılıq halları sillələmək, yumruqlamaq, təpikləmək, saçlardan dartmaq, müxtəlif ev əşyalarından istifadə etməklə vurmaqdır. Psixi zorakılığın ən geniş yayılmış üsulları təhqir, təhdid və qadağalardır".


Bəs bunların qarşısının alınması üçün nələr olunmalıdır?

QHT sədri bildirib ki, məişət zorakılığından əziyyət çəkən, lakin adının açıqlanmasına israrla şəkildə etiraz edən qadılardan biri olan A.S. bizimlə söhbətində həyat yoldaşının şiddətindən yaxa qurtarmaq üçün mühafizə orderi aldığını qeyd edir. Amma bildirir ki, bu mühafizə orderi ilk günlərdə ona kömək edib. Daha sonra yoldaşı yenə polislərin xəbərdarlığına, nə də mühafizə orderinə məhəl qoymamağa başlayıb. Qeyd edək ki, mühafizə orderi məişət zorakılığının qarşısının alınması məqsədi ilə zorakılığa məruz qalmış şəxsin müraciəti əsasında onu gözlənilən təhlükələrdən qorumaq üçün verilir. Amma A.S. qeyd edir ki, içki aludəsi olan həyat yoldaşı ona qarşı həm psixoloji, həm də fiziki təzyiqlərini davam etdirir. Bu səbəbədən bir neçə dəfə polisə müraciət etsə də hələ də həyat yoldaşının zorakılıqlarından xilas ola bilməyib. Çünki polis həyat yoldaşını bir neçə dəfə çağırıb xəbərdarlıq etdikdən sonra buraxıb və indi bu hal həyat yoldaşı üçün adiləşib. Elə bu səbəbədən həyat yoldaşının A.S-yə və üç övladına qarşı təqzyiq və zorakılıqları davam edir:

"Bu cür halların qarşısının alınması üçün həm qanunvericiliyin sərtləşdirilməsi, həm də maarifçilik tədbirlərinin genişləndirilməsi vacib hesab olunur. Qeyd edək ki, Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildən qüvvədədir. Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Qanuna görə, məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Fikrimcə, məişət zorakılığı anlayışının genişləndirilməsinə ehtiyac var. Hazırda məişət zorakılığı yaxın qohumlar tərəfindən qəsdən fiziki və ya mənəvi zərər vurma deməkdirsə, psixoloji və iqtisadi zərər vurmağın, eləcə də seksual xarakterli hədələrin və məcburiyyətin zorakılıq kimi qiymətləndirilməsi vacibdir. Bundan başqa təhsilə qadağaya və digər iqtisadi xarakterli hüquqların pozulmasına yönələn hərəkətlər də məişət zorakılığına daxil edilməlidir. Qanunvericiliyin sərtləşdirilməsi vacib şərtlərdən biridir. İndiki qanunvericilik məişət zorakılığı ilə bağlı cəza halları barədə statistikanı kifayət qədər dəqiqləşdirməyə imkan vermir".

Elnurə Abuşova həmçinin bildirib ki,məişət zorakılığı hallarının artmasına baxmayaraq, cəmiyyətin bu zorakılığa fəal etirazı hələ də müşahidə olunmur. Cəmiyyətin bu hallara qarşı davranışı dəyişməli, digər preventiv addımlar atılmalıdır. Xarici ölkələrin də təcrübəsindən istifadə olunmalıdır. Belə ki, əksər ölkələr məişət zorakılığı ilə mübarizənin vacibliyini dərk edir və yeni əks tədbirlər tətbiq edir, həmçinin onun aşkarlanması və qarşısının alınması üçün metodlar hazırlayır. Məsələn, Hollandiyada elm adamları məişət zorakılığı hallarının aşkarlanması üçün kompüter proqramı ilə fəal işləyirlər. Rumıniyada məişət zorakılığının diaqnostikasında “İnsanın çəkilməsi” proyektiv metodundan istifadə edilməsi təklif edilir:

"Bu texnika uşaqlara qarşı məişət zorakılığı hallarının müəyyən edilməsi və onların psixi sağlamlığının vaxtaşırı monitorinqi vasitəsilə onların nəticələrinin qarşısının alınması üzrə daha geniş səylərin bir hissəsidir. Uşaqdan cizgi filmi personajını deyil, hər hansı bir şəxsi çəkməyi xahiş edirlər. Proyektiv üsullar şərti müayinə ilə müəyyən edilə bilməyən mühüm şəxsi xüsusiyyətlərə çıxış əldə etmək imkanı verir. Meksikalı ekspertlər hesab edirlər ki, “uşaqlara qarşı zorakılıq” bütün dünyada tibb fakültələrinin tədris proqramına həm bakalavr, həm də magistratura tələbələri üçün ayrıca fənn kimi daxil edilməlidir. Hazırda Meksikada bu fənn artıq tibb universitetlərinin yeddi ixtisasının təhsil proqramlarının tərkib hissəsidir. İsveçrədə zorakılıq epizodları əksər hallarda tibb işçiləri tərəfindən xəstənin xəstəlik tarixi ilə tamamlanan strukturlaşdırılmış sorğu vərəqəsi əsasında anamnestik məlumatların toplanması yolu ilə aşkar edilir. Anketdə sui-istifadə faktının özü, fərdin ailə və sosial vəziyyəti, keçmişdə məişət zorakılığına məruz qalma və sair məqamlar yer alır. İspaniyadan olan mütəxəssislər məişət zorakılığının aşkarlanmasına sistemli yanaşmada israr edirlər: sənədlərin öyrənilməsi, anamnezin toplanması, müayinə, fərdin psixoloji qiymətləndirilməsi və psixoloji testlərdən istifadə. Psixoloji tədqiqat şəxsiyyətin ünsiyyət, emosional, davranış, cinsi və sosial sferalarını öyrənmək məqsədi daşıyır. Məhkəmə ekspertizasının rəyi yuxarıda göstərilən bütün məlumatlara əsaslanmalı və xəsarətlərlə toplanmış məlumatlar arasında mümkün səbəb əlaqəsi qurulmalıdır. Azərbaycan da belə təcrübələrdən istifadə etməldir. Ağırlaşan sosial durumun da məişət zorakılığına təkan verməsinin qarşısı alınmalıdır. Problemin həlli toplumun gələcəyi üçün vacibdir. Ən azı o səbəbdən ki, məişət zorakılığı ailə münasibətlərinin alt-üst olmasına gətirib çıxarır və sonda bu cəmiyyətin özündə böyük problemlərə yol açır. Axı, ailə istənilən cəmiyyətin özülü, fundamentidir. Elə bu səbəbdən də ailənin yaşadığı problemlər, xüsusən də məişət zorakılığı səbəbindən üzləşdiyi çətinliklər, bəzi hallarda dağılması sonda cəmiyyətə sirayət edir, bütöv bir toplumda qeyri-sabitliyə səbəb ola bilir.

Məişət zorakılığı hər birimiz - həm uşaq, həm böyük, həm yaşlı, həm qadın, həm də kişi yaşaya bilər. Həyat yoldaşı öz həyat yoldaşına, əksinə, valideynlər uşaqlara, uşaqlar isə valideynlərə, qardaş və bacılar biri-birlərinə qarşı təcavüzkar davranış göstərə bilər. Məişət zorakılığı gizlədiləcək, susacaq, dözüləcək və ya əziyyət çəkiləcək bir şey deyil. Zorakılığa məruz qalanlar susmamalıdır. Susmaq hər zaman qızıl deyil".
Seçilən
4
2
azadmedia.az

3Mənbələr