Luvr Muzeyində boru partlaması nəticəsində yüzlərlə qədim Misir kitabı və sənədi zədələnib.
"Unikal" xəbər verir ki, təxminən 300-400 kitab suya düşüb. Onların arasında tədqiqatçılar tərəfindən istifadə edilən "Misirşünaslıq jurnalları" və "elmi sənədlər" də var. Muzeyin baş administrator müavini Frensis Steynbokun sözlərinə görə, əsərlər 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aiddir.
O bildirib ki, hadisə "düzəlməz və ya daimi itki" ilə nəticələnməyib.
"Onlar (kitablar - red.) quruyacaq, biz onları bərpa üçün kitab cildləyicisinə göndərəcəyik və sonra rəfə qaytaracağıq", - Steynbok vurğulayıb.
Luvr Muzeyinin məlumatına görə, 26 noyabrda kitabxananın isitmə və ventilyasiyasını təmin edən hidravlik şəbəkədə su sızması aşkar edilib. Buna klapanın səhv açılması səbəb olub. Hidravlik şəbəkənin 2026-cı ilin sentyabr ayında tamamilə dəyişdirilməsi planlaşdırılırdı.