AZ

Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevə həsr olunan tədbir keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı xalqımızın tarixinə böyük qurucu şəxsiyyət kimi yazılıb. Akademik G.Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğulayıb. O, Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə göstərdiyi diqqətdən danışıb. İnstitut rəhbəri çıxışında Ulu Öndərin müstəqillik illərində hakimiyyətə qayıtdıqdan sonra 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini qeyd edib. Həmin görüşdə iştirak etmiş Gövhər Baxşəliyeva Heydər Əliyevin söylədiyi bu sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib. G.Baxşəliyeva Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə mühüm rolu olduğunu deyib. O, dövlətimizin başçısının məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunın artdığını, ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrildiyini bildirib.

G.Baxşəliyeva Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.

İnstitutun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev çıxışında müasir tariximizin çox vacib bir dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyev tarixə Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini, milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə faydalanmağı bacaran bir lider kimi düşüb.

Tədbirdə, həmçinin institut əməkdaşlarından filologiya elmləri doktoru Lalə Bayramova, filologiya üzrə fəlsəfə doktorları Xanımzər Kərimova, Vüqar Məmmədov və başqaları çıxış edərək, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən bəhs ediblər və bildiriblər ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da Ulu Öndərin xidmətləri heç zaman unudulmayacaq.

Seçilən
125
azertag.az

1Mənbələr