Kembric Universitetinin tədqiqatçıları göstəriblər ki, gündəlik həyatımızda qarşılaşdığımız yüzlərlə kimyəvi maddə faydalı bağırsaq bakteriyalarının böyüməsini ləngidə və onları antibiotiklərə davamlı edə bilər.
AzPost xəbər verir ki, labaratoriya araşdırmaları zamanı 168 sənaye kimyası mikrofloraya toksik olduğu üzə çıxıb. Bu maddələr qida, içməli su və ətraf mühit vasitəsilə orqanizmə daxil olur, əvvəllər bakteriyalar üçün zərərsiz hesab edilirdi. Tədqiqatda 1076 müxtəlif kimyəvi çirkləndirici 22 əsas mikroorqanizm üzərində sınanıb və məlum olub ki, rezin və plastik plastifikatorlar, yanğına davamlı əlavələr, həmçinin kənd təsərrüfatında istifadə olunan pestisidlər mikrobiomanın fəaliyyətini ciddi şəkildə poza bilər.
Stress altında bakteriyalar uyğunlaşmağa çalışır və bəziləri, məsələn, siprofloksasin kimi antibiotiklərə davamlılıq qazanır ki, bu da infeksiyaların müalicəsini çətinləşdirir. Tədqiqatçılar qeyd ediblər ki, standart təhlükəsizlik qiymətləndirməsi mikrobioma təsiri nəzərə almır.
Alimlər, laboratoriya nəticələrinin real həyatda necə əks olunacağını öyrənmək üçün əlavə araşdırmaların lazım olduğunu bildiriblər. Hələlik isə sadə tədbirlər tövsiyə olunur: tərəvəz və meyvələri yaxşı yumaq və xüsusilə qapalı məkanlarda ev pestisidlərindən çəkinmək. Bu tədbirlər mikrobiom üzərindəki kimyəvi yükü xeyli azalda bilər.