AZ

Fransanın Sent-Etyen şəhərinin meri dörd il həbs cəzasına məhkum edilib

Paris, 1 dekabr, AZƏRTAC

Fransanın Sent-Etyen şəhərinin sabiq meri Qael Perdrio “kaset” şantajı işi üzrə Lyon cinayət məhkəməsi tərəfindən tam şəkildə təqsirli bilinərək, dörd il müddətinə qəti həbs və beş il müddətinə seçilmə hüququndan məhrumedilmə cəzasına məhkum olunub.

AZƏRTAC xəbər verir ki, cəza dərhal icra olunacaq, yəni Perdrionun yaxın günlərdə həbsxanaya yerləşdirilməsi gözlənilir. Məhkəmə sədri Brijit Verne qərarı açıqlayarkən bildirib ki, ittiham tərəfinin təqdim etdiyi faktlar “xüsusi ağır” xarakter daşıyır və merin davranışı “nümunəvilik, ləyaqət və ictimai vəzifəyə uyğunluq” prinsiplərini kobud şəkildə pozur. İş üzrə Perdrionun üç yaxın əməkdaşı da mühakimə olunub. Merin keçmiş kabinet direktoru Pyer Qotteri 2 ili şərti olmaqla 4 il həbs, təhsil üzrə keçmiş müavin Sami Kefi-Jerom – 1 ili şərti olmaqla 4 il həbs, videonun təşkilatçısı və montajçısı Jil Rossari-Lenqle 1 ili şərti olmaqla 4 il həbs cəzasına məhkum ediliblər.

Qael Perdrionun siyasi fəaliyyəti ətrafında mübahisələr təkcə “kaset” işi ilə məhdudlaşmır. O, 2018-ci ildə Sent-Etyen bələdiyyəsi adından Şuşa şəhəri ilə “dostluq xartiyası” imzalamışdı. Bu sənəd Fransa diplomatiyasının rəsmi mövqeyinə zidd olduğu üçün 2021-ci ildə inzibati məhkəmə tərəfindən qanunsuz elan edilərək ləğv olunub.

Məhkəmə qərarında bildirilirdi ki, belə bir xartiya Fransa dövlətinin Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyinə uyğun gəlmir və bir bələdiyyənin səlahiyyət hüdudlarını aşır.

Bütün bunlara baxmayaraq, Perdrio həmin vaxt xartiyanı açıq şəkildə müdafiə edir, onun “mədəni və humanitar əməkdaşlıq” xarakteri daşıdığını iddia edirdi. Bu təşəbbüs Fransa daxilində və beynəlxalq səviyyədə ciddi narazılıq doğurmuşdu.

Beləliklə, Qael Perdrio həm şəxsi rəqibinə qarşı aparılan çirkli kampaniyada iştirakı, həm də bələdiyyə rəhbəri kimi hüquqi səlahiyyətlərini aşmaqda təqsirli bilinərək ağır cəzalara məhkum edilib. Onun siyasi karyerası, həm “seks-kaset” qalmaqalı, həm də Qarabağla bağlı qanunsuz “dostluq xartiyası” kimi mübahisəli addımlar səbəbi ilə kəskin şəkildə çökmüş hesab olunur.

Seçilən
19
46
azertag.az

10Mənbələr