AZ

Ermənistan konstitusiyası dəyişdirilmədən sülh sazişi imzalana bilər- MÜSAHİBƏ

BAKI, 27 noyabr. TELEQRAF

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Mətin bəy, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Azərbaycanla sülh müstəvisində əldə edilən prosesin irəliyə aparılması və digər məsələlər daha çox bu seçkinin nəticələrindən asılı olacaq. Seçki sonrası Ermənistanla bağlı proqnozlar nədən ibarətdir?

- Ermənistanda gələn ilin iyununda parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Bu seçki ərəfəsində və son aylarda Ermənistan daxilində hakimiyyətlə müxalifət və kilsə arasında mübarizənin xeyli kəskinləşdiyi müşahidə edilir. Bu mənada indiki proseslər Ermənistan cəmiyyəti üçün kritik bir mərhələdir. Yəni, indiki iqtidar bütün vasitələrdən istifadə edərək çalışır ki, hakimiyyətini qorusun. Əks cəbhə və revanşistlər, Baş nazir Nikol Paşinyandan narazı olan qüvvələr çalışırlar ki, mövcud hakimiyyəti devirsinlər.

- Belə bir gərgin durumda Ermənistan hakimiyyətinin konstitusiya islahatlarına getməsi ehtimalı nə dərəcədə realdır?

- Ona görə də Ermənistan daxilindəki qüvvələr qarşıdakı seçki prosesinə hakimiyyəti ələ keçirmək üçün bir fürsət kimi yanaşır. Belə bir kəskin münasibətlər və siyasi mübarizə fonunda seçkilərə qədər Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması ilə bağlı referendumun keçirilməsini gözləməyə dəyməz. Bu yalnız parlament seçkilərindən sonra mümkün ola bilər. Məhz bu halda Paşinyanın referenduma getməsi mümkündür. Amma seçkilər ərəfəsində onun referenduma getməsi hakimiyyəti üçün ciddi risklər yarada bilər.

- Görünən odur ki, bütün hallarda Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı qərar verilib…

- Paşinyan özü də bəyan edib ki, gələn il keçiriləcək parlament seçkilərində qalib gəlsə, növbəti mərhələdə konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedəcəklər. Əsas yekun nəticə odur ki, Ermənistan konstitusiyası dəyişdirilir.

- Yəqin ki, söhbət sırf Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaların aradan qaldırılmasından getmir…

- Azərbaycanın tələbi odur ki, Ermənistan konstitusiyasından həmin müddəalar çıxarılsın. Paşinyan isə yeni konstitusiyadan danışır. Bunun fonunda Azərbaycanın əsas gözləntisi odur ki, Ermənistan konstitusiyasından həmin narahatedici məqamlar çıxarılır. Çünki bu məqamın qalması sülh prosesinə ən böyük maneə kimi dəyərləndirilir. Ermənistan hakimiyyəti də müəyyən mənada bunu başa düşür.

- Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edilmədən Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasının da mümkünlüyü müzakirə edilir. Belə bir ehtimal varmı?

- Bu məsələ ilə bağlı fərqli versiyalar səslənir. Beynəlxalq praktikada da belə nümunələr mövcuddur. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülh üçün əsas maneələr aradan qaldırılmalıdır. Yəni, bu məsələlərin sülh müqaviləsindən sonraya saxlanılması gözlənilən dəyişikliklərin Ermənistanda baş verməməsi fonunda əlavə məsələlər yarana bilər. Bu da nəticədə sülh prosesinə ciddi zərbə vurar.

- Azərbaycanın bu məsələdə əsas tələbi nədən ibarətdir?

- Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, sülh müqaviləsinə qədər Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması təmin etməlidir. Bunu rəsmi İrəvan nə qədər tez etsə, o halda da yekun sülh müqaviləsinin imzalanması mümkün olacaq.

Seçilən
29
50
teleqraf.com

10Mənbələr