AZ

Samirə Əfəndi qalmaqalı böyüyür: məhkəmə perspektivi - hüquqşünas deyir ki...

Xəbər verildiyi kimi, müğənni Samirə Əfəndi Azad Vətən Partiyasının sədri Akif Nağını məhkəməyə verəcək. Buna səbəb partiya sədrinin sənətçinin ünvanına ağır sözlər işlətməsidir.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Akif Nağı deyib ki, Samirə Əfəndi özünə hörmət edirdisə, sosial şəbəkələrdə, mətbuatda insanların onun haqqında nələr dediyinə baxardı. “Əgər o, bunu görmürsə və məni məhkəmə ilə hədələyirsə, demək, reallıq hissini itirib. Hələ bir açıqlamasında deyir ki, mən ora ölkə rəhbərliyinin tapşırığı ilə getmişəm. İndi camaat belə başa düşməlidir ki, bu hərəkəti ölkə rəhbərliyinin tapşırığı ilə edib? Sən kimsən ki, sənə ölkə rəhbərliyi belə bir tapşırıq versin”.

A.Nağı müğənninin qazi qızı olması məsələsinə də şübhə ilə yanaşdığını deyib: “Deyirlər ki, qazi qızıdır. Mən inanmaram ki, bir qazi qızı bu cür hərəkət etsin. Qazinin qızıdırsa, çıxsın ortaya, desin ki, qızı düz edir, yoxsa səhv edir. "Qazi qızıyam" deyir, amma qazi atasının nə adını, nə familiyasını, harada döyüşüb, döyüş yoldaşları kim olub, bu haqda heç nə demir".

Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana şəhərində beynəlxalq musiqi müsabiqəsində Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana 12 bal verib və daha sonra onu qucaqlayaraq təbrik edib.

Samirə Əfəndinin məhkəmə iddiasının perspektivi barədə danışan hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, insanların öz hisslərini bildirməsi, istənilən mənfi və ya müsbət davranışları, emosiyaları şəxsin hüquqlarının pozulmasına səbəb ola bilməz: “Biz istəsək də, istəməsək də,  hər kəsin hüquqları var və həmin hüquqlara hörmətlə yanaşılmalıdır. Əgər hər hansı bir şəxsin etdiyi hərəkətlərdən dolayı təhqir olunmamaq hüququ varsa və onun ünvanına təhqiredici ifadələr, söyüşlər işlədilirsə, həmin şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək, eyni zamanda Azərbaycan Baş Prokurorluğuna şikayət vermək hüququna malikdir”.

Kadirovun

Ramil Süleymanov

R.Süleymanov deyib ki, KİV-də, insanların çox olduğu yerlərdə şəxsin ünvanına təhqir və söyüşlər işlədilməsi Azərbaycan Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cəzalandırılmalı olan ictimai təhlükəli əməldir: “Bu maddəyə görə 1500 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulub. Eyni zamanda şəxsə 6 aya qədər azadlıqdan məhrumetmə cəzası verilməsi də mümkündür”.

Bu arada qeyd edək ki, Samirə Əfəndi ünvanına səsləndirilən tənqidlərə gözlənilməz cavab verib. Space TV-də “Tarixin bu günü” adlı verilişdə çıxış edən Samirə öz davranışı barədə yeni versiya irəli sürüb: “Mən orada gedib düşmənçilik edə bilməzdim. Mən orada təkbaşıma idim. Məni orada öldürsəydilər, kim müdafiə edəcəkdi? Qazaxıstan səhralıqdır(?!), avtoqəza təşkil edəcəkdilər, öldürəcəkdilər. Kim mənə yiyəlik edəcəkdi orada?”

Onun bu çıxışı da ictimaiyyətdə kəskin etirazlarla qarşılanıb. 

Samirə Əfəndinin “qazi qızı, general nəvəsi” olduğu barədə deyilənlər isə hələlik öz təsdiqini tapmır.

Məsələ ilə bağlı Qarabağ müharibəsi veteranı Vaqif Əlisoy Samirə Əfəndinin qazi atasını tanımadığını, onun haqqında heç bir məlumatı olmadığını deyib: “Bu məsələni ilk dəfə müğənni Nura Suri gündəmə gətirdi. Amma nə həmin qazinin, nə də dediyi general babanın kimliyi barədə heç bir məlumat yoxdur. Üstəlik, mənə çatan məlumatlara görə, Samirə Əfəndinin ailəsi rusdillidir, yəni evdə Azərbaycan dilində danışmırlar.

İndi Samirə Əfəndini müdafiə edənlər deyir ki, “bütün müharibələr sülhlə bitir”, “siz müharibə istəyirsiniz” və s.  Amma kimsə xatırlamır ki, ermənilər təkcə son bir əsrdə Azərbaycana və azərbaycanlılara dörd dəfə təcavüz edib, qətliamlar törədib. Belə bir tarix fonunda müğənninin gedib ermənini qucaqlaması, ona sarılması ciddi narazılıq doğurur. Mən həmin videoya dəfələrlə baxmışam: erməni yaxınlaşır, bizim müğənni isə qucağını açıb onu bağrına basır. Həmin an müğənni düşünməli idi ki, o, Azərbaycan xalqını təmsil edir.

Samirə Əfəndi danışanda məsələyə ölkə rəhbərliyini də qatıb. Guya ki, bu missiyanı ona ölkə rəhbərliyi tapşırıb və ermənini qucaqlaması da bununla bağlı olub. Mən şəxsən o qızın dediklərinə söz tapıb deyə bilmirəm".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

Seçilən
57
musavat.com

1Mənbələr