AZ

“Bank olmayan kredit təşkilatlarında kənar auditin aparılmasına dair minimum Tələblər” təsdiqlənib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda müəyyən edilmiş strateji hədəflərin icrası çərçivəsində bank olmayan kredit təşkilatlarının (BOKT) institusional potensialının gücləndirilməsi və məlumatların açıqlanması istiqamətində zəruri addımlar atılır.

AMB-dən “İki sahil”ə bildirilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən Mərkəzi Bankın İdarə Heyətinin 7 oktyabr 2025-ci il tarixli Qərarı ilə “Bank olmayan kredit təşkilatlarında kənar auditin aparılmasına dair minimum Tələblər” təsdiqlənib.

Tələblərdə kənar auditorun seçilməsi meyarları, kənar auditorun fəaliyyətinə dair tələblər və Audit Komitəsinin kənar auditlə bağlı vəzifələri müəyyən edilib. Tələblərdə eyni kənar auditor tərəfindən BOKT-nin audit yoxlamasının ardıcıl 5 ildən artıq müddətdə aparılmaması, kənar auditorun yoxlamada iştirak edəcək əməkdaş(lar)ının son 3 il ərzində həmin BOKT-də çalışmaması kimi məqamlar qeyd olunub. Bundan əlavə, BOKT-lər tərəfindən hər təqvim ilinin dekabr ayının 15-dək təşkilatın audit yoxlamasını aparacaq kənar auditor barədə yazılı məlumatı Mərkəzi Banka təqdim edilməsi və digər tələblər müəyyən edilib.

Qeyd edək ki, tələblər BOKT sektorunda şəffaflığın və məlumat əlçatanlığının artırılmasına xidmət etməklə dayanıqlı inkişafa töhfə verəcəkdir.

Mərkəzi Bank BOKT sektorunda institusional quruculuq və korporativ idarəetmənin gücləndirilməsi, sağlam və dayanıqlı fəaliyyətin təmin edilməsi, eləcə də qabaqcıl beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində təşəbbüsləri davam etdirəcəkdir.

Seçilən
40
1
ikisahil.az

2Mənbələr