AZ

Azyaşlı qızı ilə oğurluğa gedən şəxsə hökm oxunub

Sabunçu rayonunda mənzillərdən oğurluq etməkdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Musavat.com "Teleqraf"a istinadən xəbər verir ki, oğurluqda ittiham edilən şəxslər 2005-ci il təvəllüdlü Çərkəz Abdullayev və onun əmisi, 1991-ci il təvəllüdlü Şahid Abdullayevdir.

İttihama görə, təqsirləndirilən şəxslər Sabunçu rayonu ərazisində iki fərdi yaşayış evindən oğurluq ediblər. Plana əsasən, Şahid Abdullayev azyaşlı qızı ilə birlikdə evlərin yaxınlığına gəlib, qapının açıq olub-olmamasını yoxlayırmış. Evdə heç kimin olmadığını müəyyən etdikdən sonra o, Çərkəz Abdullayevə məlumat verirmiş. Çərkəz Abdullayev isə həmin evlərə daxil olaraq oğurluq edirmiş. Bu zaman Şahid Abdullayev və qızı ətrafa nəzarət edirmişlər.

Şahid Abdullayev azyaşlı qızını özü ilə aparmaqla dilənçilik görüntüsü yaradaraq şübhə doğurmamağa çalışıb.

Dəstə üzvləri iki mənzildən ümumilikdə 20 min manatdan çox dəyəri olan qızıl-zinət əşyaları oğurlayıblar. Onlar oğurladıqları qızılların bir hissəsini hissə-hissə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər. Satılmamış qızılların bir qismini isə basdıraraq gizlədiblər.

Elan edilmiş ittiham üzrə təqsirləndirilən şəxslər özlərini yalnız qismən təqsirli biliblər. Şahid Abdullayev yalnız bir epizod üzrə məsuliyyəti qəbul etdiyini bildirib.

O, ifadəsində oğurluq əməllərində azyaşlı qızının heç bir iştirakı olmadığını vurğulayıb.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə hər iki şəxs barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Seçilən
64
2
musavat.com

3Mənbələr