AZ

İlk dəfədir QHT-lər vahid institusional çətir altında birləşir - Rəy

Yazını böyüt
Yazını kiçilt

QHT-lərin Bakı səfəri türk inteqrasiyasının siyasi blokundan sosial-humanitar blokuna keçidi simvolizə edir" - Əliməmməd Nuriyev

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin qeyri-hökumət təşkilatlarının nümayəndə heyətinin Azərbaycana səfəri diqqətdədir. QHT-lərin Bakı görüşünün hədəfləri və perspektivləri nədir?

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əlməmməd Nuriyev Hafta.az-a açıqlamasında bildirib ki, bu səfər və keçiriləcək tədbirlər türk dünyasında ictimai diplomatiyanın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Onun fikrincə, bu səfər sadəcə rəsmi tədbir formatı deyil, türk məkanında QHT-lərarası əməkdaşlığın institusional əsaslarının formalaşdırılması baxımından strateji hadisədir.

Ə.Nuriyev qeyd edib ki, TDT-nin son illər inkişaf trayektoriyası göstərir ki, təşkilat təkcə dövlətlərarası siyasi və iqtisadi platforma deyil, həm də cəmiyyətlər arasında etimad, dialoq və ekspert mübadiləsini təmin edən yumşaq güc mexanizminə çevrilir. Məhz bu səbəbdən QHT-lərin Bakıya səfəri türk inteqrasiyasının siyasi blokundan sosial-humanitar blokuna keçidi simvolizə edir:

“Bu gün Bakıda keçiriləcək açılış mərasimi və panel müzakirələri türk coğrafiyasında həmrəylik gündəminin çeviklik və məzmun baxımından genişləndiyini nümayiş etdirəcək. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” paneli xüsusi əhəmiyyət daşıyır. Çünki bu dəhliz artıq yalnız nəqliyyat layihəsi kimi deyil, türk dünyasının mədəni, humanitar və kommunikativ birliyinin strateji arteriyası kimi təqdim olunur. Azərbaycan–Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu isə Xəzər hövzəsində sosial-dövlət və cəmiyyət–cəmiyyət əlaqələrinin yeni institutlaşma mərhələsini formalaşdırır. Bu iki istiqamət birlikdə QHT sektorunun regional proseslərdə daha aktiv, analitik və koordinasiyalı rol alacağını göstərir”.

Ə.Nuriyev hesab edir ki, səfərin ən mühüm mərhələsi 25 noyabrda Naxçıvanda keçiriləcək iki tədbirdir. Onun sözlərinə görə, burada Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması türk dünyasında ictimai diplomatiya tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir:

"İlk dəfə olaraq QHT-lər vahid institusional çətir altında birləşir, qarşılıqlı fəaliyyətin uzunmüddətli planlaşdırılması, tematik işçi qruplarının yaradılması, regional layihələrin sinxronlaşdırılması və vahid mövqelərin formalaşdırılması üçün mexanizm meydana çıxır. “WUF13-ə doğru – Türk dünyasında ilk” paneli isə türk ölkələrinin qlobal urbanizasiya və dayanıqlı inkişaf məsələlərində BMT səviyyəsində fəal iştirak potensialını artırır”.

Ə.Nuriyev bildirib ki, bu görüş və səfərlər Azərbaycan üçün də çoxplanlı nəticələr yaradır:


“İlk növbədə, ölkəmiz TDT-nin ictimai mərkəzinə çevrilir. Qarabağdan sonra Azərbaycanın regional liderlik modeli təkcə siyasi və təhlükəsizlik sahəsində deyil, ictimai diplomatiya və QHT platformalarında da güclənir. Zəngəzur dəhlizinin humanitar ölçüsünün məhz Bakıda müzakirə edilməsi Azərbaycanın türk dünyasının birləşdirici ideya mərkəzi kimi mövqeyini möhkəmləndirir. Azərbaycan–Qazaxıstan əməkdaşlıq formatı, Naxçıvanda təsis konfransı, QHT diplomatiyasının yeni institusional xəritəsi ölkəmizi türk regionunun sosial strateji xəritəsinin qurulmasında əsas aktora çevirir”.

Ə.Nuriyevin sözlərinə görə, Türk QHT Platformasının yaranması gələcək onillik üçün geniş imkanlar açır. Belə ki, regional analitik bazanın formalaşması, böhran situasiyalarında humanitar koordinasiya, gənclər, media, sosial siyasət və ailə institutu sahələrində vahid şəbəkələrin qurulması, QHT sektorunun Avropa platformalarında daha güclü təmsil olunması və rəqəmsal QHT ekosisteminin inkişafı bu imkanların önündə dayanır:

“Bu həm də Azərbaycan QHT-ləri üçün yeni məsuliyyət yaradır. İnstitusional dayanıqlığın möhkəmləndirilməsi, şəffaflıq və hesabatlılığın artırılması, layihə menecmenti və monitorinq bacarıqlarının regional standartlara uyğunlaşdırılması zərurəti meydana çıxır. Beləliklə, 23–25 noyabr tədbiri təkcə bir forum deyil türk dünyasının sosial arxitekturasının qurulmasına yönəlmiş strateji prosesdir. Azərbaycan bu prosesdə mərkəzləşdirici rol oynayır, TDT isə dövlətlər koalisiyasından cəmiyyətlər koalisiyasına doğru inkişaf edir. Türk QHT Platformasının Naxçıvanda təsis edilməsi türk dünyasının ictimai diplomatiya tarixində yeni mərhələnin əsasını qoyur və türk coğrafiyasının gələcək onillik üçün sosial inteqrasiya xəritəsini müəyyənləşdirir”.

Tahirə Qafarlı

Seçilən
19
1
hafta.az

4Mənbələr