Çinin dövlət şirkətləri, maliyyə qurumları və onların nümayəndələri Mərkəzi Asiyada Rusiyanın maraqları ilə ziddiyyət təşkil edən təşəbbüsləri dəstəkləməyə davam edirlər.
Xüsusilə logistika sektorunda Pekin administrasiyası avropalılar kimi Rusiya ərazisindən yan keçən alternativ ticarət yolları qurur.
Çin-Avropa Forumunda əldə edilən razılığa əsasən, Çin Dəmir Yolu Konteyner Nəqliyyatı Qazaxıstan, Azərbaycan və Gürcüstanla birlikdə birgə müəssisədə səhmdar olacaq. Bu tərəfdaşlıq Xəzər dənizi, Qafqaz və Türkiyə üzərindən Çin-Avropa dəmir yolu dəhlizinin inkişafı və istismarından məsul olacaq.
Sian şəhərində keçirilən forumda iştirakçılar dəmir yolu infrastrukturuna investisiyaların vacibliyini vurğulayıblar. Bu investisiyalar isə əsasən Çin və Amerika kreditləri hesabına maliyyələşdiriləcək.
Maraqlıdır ki, dünyanın digər yerlərində Qərb və Çin arasında ticarət müharibələri davam etdiyi bir vaxtda, tərəflər Mərkəzi Asiyada Rusiyanı kənarda saxlayan əməkdaşlığı inkişaf etdirir. Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü ilə Aİ-nin "Qlobal Keçid" layihəsi regiona inteqrasiya olunur.
Çin və Aİ-nin üst-üstə düşən logistika maraqları yeni bir hadisə olmasa da, artıq bu əməkdaşlığın praktikada tətbiqi müşahidə olunur. Mərkəzi Asiya qlobal güclər arasında rəqabətdə yeni bir cəbhəyə çevrilir, Rusiyanın ənənəvi təsir dairəsi isə kiçilir…
TAHİR