AZ

Kiyevdə tarixi gərginlik: Trampın “sülh planı” Ukraynanı uçurumun kənarına gətirdi  

Xəbər verdiyimiz kimi Ukrayna prezidenti Volodimir Zelenski prezident sarayının qarşısında 10 dəqiqəlik çıxışla Ukrayna xalqına müraciət edib.

Musavat.com bildirir ki, Zelenski çıxışında ölkəsinin “imkansız seçim” qarşısında qaldığını deyib. Onun sözlərinə görə, Ukrayna ya öz milli ləyaqətini qoruyub saxlamalıdır, ya da müharibəni Moskvanın sərt şərtləri ilə bitirməyə qərarlı görünən ABŞ administrasiyasını itirmək riski ilə üzləşəcək.

Zelenski vurğulayıb ki, ABŞ keçmiş prezidenti Donald Trampın Kiyevdən bir neçə gün ərzində qəbul etməyi tələb etdiyi və Ukraynanı Rusiyaya ərazi güzəştlərinə məcbur edən “sülh planı” fonunda ölkə tarixinin ən çətin anlarından birini yaşayır.

“İndi Ukraynaya təzyiq tariximizin ən ağır mərhələlərindən biridir,” – Zelenski bildirib. Onun sözlərinə görə, qarşıda iki seçim var: Trampın 28 bəndlik planını qəbul etmək və ya Rusiya ordusunun artıq enerji infrastrukturlarının böyük hissəsini dağıtdığı, milyonlarla insanı işıqsız və istisiz qoyduğu “son dərəcə çətin bir qışa” hazırlaşmaq.

O vurğulayıb ki, ABŞ-Rusiya “planının” qəbul edilməsi Ukraynanın “azadlıq, ləyaqət və ədalətini itirməsi” demək ola bilər. Bundan əlavə, bu, “bizə iki dəfə hücum etmiş birinə yenidən inanmaq” kimi təhlükəli bir addım olardı. Zelenski qeyd edib ki, o, heç vaxt Ukraynanın maraqlarını qurban verməyəcək və ölkə konstitusiyasına zidd addım atmayacaq: “Biz 2022-ci ildə Ukraynanı satmadıq və indi də satmayacağıq".

Zelenski çıxışının sonunda “dörd ilə yaxındır davam edən tammiqyaslı işğal” qarşısında Ukrayna xalqının göstərdiyi şücaəti xüsusi vurğulayıb.

Xatırladaq ki, Tramp Fox Radio-ya müsahibəsində bəyan edib ki, gələn cümə axşamı Zelenskinin bu razılaşmanı imzalaması üçün “qəbul edilə bilən” son tarixdir. Avropa və Ukrayna rəsmiləri isə bu planın “kapitulyasiya”dan başqa bir şey olmadığını bildirirlər.

"ABŞ prezidenti Donald Trampın Ukraynaya "sülh planı" təqdim etməsinin Ukrayna və Avropa tərəfdaşları tərəfindən kapitulyasiya aktı kimi qəbul olunması təbiidir. Çünki plan ərazi güzəştlərini nəzərdə tutur. Rusiya da bu planı qəbul edib".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun fikrincə, Ukrayna prezidentinin çıxışından belə məlum olur ki, o, Donald Trampla danışacaq və gələn həftə telefon danışığı gözlənilir:

"Amerika tərəfi də Ukraynanı müharibəni dayandırmağa çalışır və reallıqlar Ukraynanı barışığa sövq edir. Açıq nəzərə alaq ki, burada Rusiyanın istəkləri ön plana çıxır. Əgər Zelenski Avropa tərəfdaşlarına arxayın olsa və onlara ümid etsə, bu sülh planını qəbul etməsə, təbii ki, Amerika Ukraynaya dəstəyi kəsəcək. Əks halda, qəbul edərsə, bu, Zelenskinin artıq siyasi fiaskosudur, müharibənin uğursuzluğa düçar olması deməkdir.

Təbii ki, şərtlər çətindir: Rusiyaya tətbiq edilən sanksiyaların təsiri azdır, ABŞ isə Ukraynaya balistik və öldürücü silahlar vermir. Yəni proses çıxılmaz vəziyyətə gəlib".

Politoloq qeyd edib ki, hər iki variant Zelenski üçün çətindir:

"Ya Rusiya ilə vuruşmağı davam etdirməlidir, ya da Ukraynanın ərazi güzəştlərinə imza atmalıdır. ABŞ elə bir siyasət formalaşdırıb ki, bir tərəfdən korrupsiya ittihamları ilə Zelenskini küncə sıxışdırır, təzyiq edir ki, bu sülh planı ilə razılaşsın.

Bütün məsələlər noyabrın 27-dən sonra aydın olacaq. Əgər sülh planı qəbul olunmasa, ABŞ–Ukrayna əlaqələri pisləşəcək. Ən optimal variant ondan ibarətdir ki, atəşkəs elan olunsun və danışıqlar başlansın. Lakin göründüyü kimi, nə ABŞ, nə də Rusiya buna hazır görünür".

 

Xalidə Gəray

Musavat.com

Seçilən
263
16
musavat.com

10Mənbələr