BAKI, 19 noyabr. TELEQRAF
Noyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub.
Teleqraf xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Əvvəlcə Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanışlıq keçirilib. Bildirilib ki, 3 min 600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir.
Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edir.
Müəssisədə ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir.
Mərkəzin Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də ölkənin müxtəlif tibb müəssisələrindən reanimasiyadan sonra reabilitasiyaya ehtiyacı olan vətəndaşların stasionar müalicəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, mərkəzdə bir sıra sahələr üzrə robotik və klassik reabilitasiya xidmətləri təqdim olunur. Nevrologiya istiqamətində insult, beyin və onurğa beyni zədələnmələri, həmçinin sinir sistemi xəstəliklərindən sonra bərpa prosesi aparılacaq.
Ortopedik reabilitasiya çərçivəsində travmalardan və ortopedik əməliyyatlardan sonra hərəkətin bərpası təmin ediləcək.
Pediatrik və neonatoloji reabilitasiya uşaqlarda hərəkət, inkişaf və koordinasiya pozuntularının erkən korreksiyasına yönəlib. İdmanda reabilitasiya xidməti idman zədələrindən sonra funksional hazırlığın və performansın bərpasını hədəfləyir.
Əl reabilitasiyası sahəsində əl cərrahiyyəsi və yuxarı ətrafların motor funksiyalarının inkişafı, eləcə də incə hərəkətlərin bərpası həyata keçiriləcək. Kardiopulmonar reabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonra fiziki dözümlülüyün artırılmasına xidmət edir. Geriatrik reabilitasiya isə yaşlı pasiyentlərdə hərəkət imkanlarının genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.