AZ

Robotik Reabilitasiya Mərkəzində göstəriləcək XİDMƏTLƏR

Robotik Reabilitasiya Mərkəzində bir sıra sahələr üzrə robotik və klassik reabilitasiya xidmətləri təqdim olunur.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Yeni Klinikaya təşkil olunmuş mediatur çərçivəsində məlumat verilib.

Belə ki, nevrologiya istiqamətində insult, beyin və onurğa beyni zədələnmələri, həmçinin sinir sistemi xəstəliklərindən sonra bərpa prosesi aparılacaq. Ortopedik reabilitasiya çərçivəsində travmalardan və ortopedik əməliyyatlardan sonra hərəkətin bərpası təmin ediləcək. Pediatrik və neonatoloji reabilitasiya uşaqlarda hərəkət, inkişaf və koordinasiya pozuntularının erkən korreksiyasına yönəlib. İdmanda reabilitasiya xidməti idman zədələrindən sonra funksional hazırlığın və performansın bərpasını hədəfləyir.

Həmçinin, əl reabilitasiyası sahəsində əl cərrahiyyəsi və yuxarı ətrafların motor funksiyalarının inkişafı, eləcə də incə hərəkətlərin bərpası da həyata keçiriləcək. Kardiopulmonar reabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonra fiziki dözümlülüyün artırılmasına xidmət edir. Geriatrik reabilitasiya isə yaşlı pasiyentlərdə hərəkət imkanlarının genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.

Onkoloji reabilitasiya onkoloji müalicələrdən sonra fiziki və psixoloji adaptasiyanın təmin edilməsini əhatə edir. Bundan əlavə, ginekoloji və androloji reabilitasiya kiçik çanaq disfunksiyalarında, kiçik çanaq əzələlərinin funksional bərpası, gücünün və elastikliyinin artırılması məqsədilə tətbiq olunan hədəfli fizioterapevtik yanaşma ilə həyata keçiriləcək. Onurğa sağlamlığı xidmətləri onurğa sütunu problemlərinin qarşısının alınmasına və müalicəsinə istiqamətlənib.

Reanimasiya və intensiv terapiyada reabilitasiya ağır vəziyyətdən çıxmış pasiyentlərin erkən mərhələdə bərpasını təmin edir və hədəf Azərbaycandakı böyük dövlət xəstəxanalarında reanimasiya şəraitində reabilitasiya xidmətlərinin gücləndirilməsidir.

Qeyd edilib ki, Yeni Robotik Reabilitasiya Mərkəzi dünyada həm robotik, həm də klassik reabilitasiya sahəsində lider mövqeyini möhkəmləndirməyi, elmi və texnoloji yenilikləri reabilitasiya proseslərinə inteqrasiya edərək Azərbaycanı innovativ reabilitasiya mərkəzinə çevirməyi hədəfləyir. Həmin istiqamətdə beynəlxalq akkreditasiyalar üçün rəsmi danışıqlara artıq başlanılıb.

Bildirilib ki, mərkəzin üstünlüklərinə dünya səviyyəli robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, balans və koordinasiya ölçmə texnologiyaları, süni intellekt əsaslı qiymətləndirmə və fərdiləşdirilmiş reabilitasiya alqoritmləri, fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər, psixoloqlar və ergoterapevtlərdən ibarət multidisiplinar komanda, eləcə də beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlıq imkanları daxildir.

"Cebheinfo.az"

Seçilən
18
1
cebheinfo.az

10Mənbələr