AZ

Səudiyyə şahzadəsi 18 təyyarə və min nəfərlik heyətlə Trampın qəbuluna gedir...


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman noyabrın 18-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Şahzadə Salman ABŞ-a 18 təyyarə və 1000 rəsmi şəxslə gedəcək.

Salmanın səfəri onun 2018-ci ildən bəri ABŞ-a ilk rəsmi səfəri olacaq. Danışıqlarda ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinin gələcəyi, təhlükəsizlik əməkdaşlığı, silah alışı və regional inkişaf məsələləri hərtərəfli müzakirə olunacaq.

Səudiyyə Ərəbistanının səfər zamanı prioritetlərinə iqtisadi münasibətlərin gücləndirilməsi və yeni əməkdaşlıq sahələrinin yaradılması daxildir.

Ər-Riyad mülki nüvə proqramı üzərində işlərini davam etdirir. May ayında iki ölkənin enerji nazirləri arasında nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalansa da, Tramp administrasiyasının bu məsələyə məsafəli yanaşdığı bildirilir. Nüvə silahına sahib olan İsrail də Səudiyyə Ərəbistanının bu məsələdə ABŞ-la əməkdaşlığına qarşı çıxır.

Səfər zamanı müzakirə ediləcəyi gözlənilən ən vacib mövzulardan biri də F-35 qırıcı təyyarələri və hərtərəfli müdafiə sazişləri olacaq. ABŞ rəsmiləri F-35 satışının və qarşılıqlı müdafiə əməkdaşlığının danışıqların əsas məqamları olacağını bildirirlər. Tramp Səudiyyə Ərəbistanının çox sayda F-35 almaq istədiyini bildirib.

Səudiyyə Ərəbistanı uzun müddətdir ki, ABŞ-la daha əhatəli müdafiə sazişinin imzalanmasını hədəfləyir.

Səfər zamanı ən həssas gündəm maddələrindən biri də Qəzza və işğal olunmuş İordan çayının qərb sahili, eləcə də Fələstin-İsrail münasibətlərinin gələcəyi olacaq. Tramp Səudiyyə Ərəbistanının tezliklə İbrahim Sazişlərinə qoşulacağına ümid etdiyini bildirib. Ancaq Ər-Riyad Qəzza və İordan çayının qərb sahili proseslərində söz sahibi olmağı prioritet hesab edir, eyni zamanda Fələstin dövlətinin yaradılmasını və İsrail tərəfindən tanınması şərtini irəli sürür.

TAHİR

Seçilən
133
50
baki-xeber.com

10Mənbələr