AZ

Tramp 82 milyon dollarlıq istiqraz alıb

ABŞ Prezidenti Donald Tramp avqustun sonu – oktyabrın əvvəlində ən azı 82 milyon dollarlıq korporativ və bələdiyyə istiqrazı alıb. Bu barədə şənbə günü açıqlanan rəsmi maliyyə sənədlərində bildirilir.

ABŞ Hökumət Etikası Ofisinin dərc etdiyi hesabatlara görə, Tramp 28 avqustdan 2 oktyabra qədər 175-dən çox maliyyə əməliyyatı həyata keçirib. Sənədlərdə hər alışın dəqiq məbləği göstərilməsə də, ümumi maksimum dəyərin 337 milyon dollonu keçdiyi qeyd olunur.

Minval.info xəbər verir ki, açıqlanan aktların böyük hissəsi ştatlar, bələdiyyələr, məktəb dairələri və digər dövlət qurumları ilə əlaqəli strukturların buraxdığı istiqrazlardır.

Prezidentin yeni investisiyaları arasında administrasiyasının siyasətlərindən faydalanan sahələr də var — xüsusilə maliyyə sektorunda derequlyasiya (nəzarətin yumşaldılması) nəticəsində üstünlük qazanmış şirkətlər.

Trampın aldığı korporativ istiqrazlar arasında aşağıdakı şirkətlər yer alır:

  • Broadcom, Qualcomm kimi çip istehsalçıları

  • Meta Platforms kimi texnoloji nəhənglər

  • Home Depot, CVS Health kimi pərakəndə satış şəbəkələri

  • Goldman Sachs, Morgan Stanley kimi Wall Street bankları

Avqustun sonunda Tramp həmçinin JP Morgan istiqrazları alıb. Qeyd edək ki, Tramp cümə günü ABŞ Ədliyyə Nazirliyindən bankın mərhum iş adamı və seksual cinayətkar Ceffri Epsteyn ilə əlaqələrini araşdırmağı tələb etmişdi. Bank isə Epsteyn ilə keçmiş əlaqələrinə görə təəssüf etdiyini bildirib.

Tramp həmçinin Intel şirkətinin istiqrazlarını da alıb. Bundan əvvəl ABŞ hökuməti Trampın göstərişi ilə şirkətdə pay əldə etmişdi.

Ağ Ev məsələ ilə bağlı şərh verməyib. Administrasiya daha əvvəl bildirmişdi ki, Tramp investisiya fəaliyyətinə müdaxilə etmir və portfel üçüncü tərəf maliyyə qurumu tərəfindən idarə olunur.

Tramp daha əvvəl öz şirkətlərini övladlarının nəzarət etdiyi fonda ötürdüyünü deyib. Avqustda təqdim edilən başqa bir sənəddə isə onun prezidentliyə qayıtdığı 20 yanvardan bəri 100 milyon dollardan çox istiqraz aldığı göstərilmişdi.

İllik maliyyə hesabatında Trampın kriptoaktivlər, qolf sahələri, lisenziya gəlirləri və digər mənbələrdən 600 milyon dollardan çox gəlir əldə etdiyi vurğulanır. Kriptovalyuta sahəsinə daxil olması da onun ümumi sərvətini əhəmiyyətli dərəcədə artırıb.

Ümumilikdə, iyunda dərc olunan sənədə əsasən, Trampın aktivləri ən azı 1,6 milyard dollar dəyərində qiymətləndirilir.

Seçilən
382
11
minval.info

10Mənbələr