Tbilisi Şəhər Məhkəməsi daxili işlər naziri vəzifəsindən sui-istifadə etməkdə iki ittihamdan biri üzrə günahlandırılan Gürcüstanın keçmiş Baş naziri Giorgi Qaxariya ilə bağlı qiyabi həbs qərarı verib.
"Unikal" xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi prokurorun Qaxariyanın qaça biləcəyini iddia edərək mümkün olan ən sərt məhkəməyəqədər həbs cəzasını tələb edən vəsatətini tam təmin edib.
Qaxariya 2025-ci ilin iyun ayında Gürcüstanı tərk edib və Almaniyada sığınacaq alıb. Beynəlxalq hüquqa görə, o, Gürcüstan hakimiyyətinə ekstradisiya edilə bilməz və yalnız Gürcüstana gəldikdən sonra həbs oluna bilər.
Qeyd edək ki, istintaq müəyyən edib ki, 24 avqust 2019-cu ildə Milli Təhlükəsizlik Şurasının həm katibi, həm də daimi üzvü olan Qaxariya Milli Təhlükəsizlik Şurasının səlahiyyətlərini qulaqardına vuraraq və hərəkətlərini Gürcüstanın Baş naziri, eləcə də Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqələndirmədən və Avropa Birliyinin Monitorinq Missiyasına məlumat vermədən birtərəfli qaydada Çorçana kəndi yaxınlığında əlavə polis postu tikmək qərarına gəlib.