Haqq və şərəf savaşımız olan 44 günlük Vətən müharibəsinin son yekun nöqtəsi olan 8 noyabr-Zəfər Günü müstəqillik tariximizin salnaməsinə qızıl həriflərlə yazılan bir gündür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun səyi nəticəsində torpaqlarımız işğaldan azad olunaraq xalqımıza qürur içində böyük sevinc bəxş olundu. Bununla da 30 illik həsrətə son qoyuldu.
Xalqımızın tarixində çox əlamətdar olan “8 noyabr Zəfər Günü”nün 5-ci ildönümü ilə əlaqədar tanınmış təşkilatçı və jurnalist Zümrüd Güləliqızının təsis etdiyi və rəhbəri olduğu “Zümrüd-M” prodiction tərəfindən Zəfər Bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə bir ox şəhid ailələri və qazilər, millət vəkilləri, media, ictimaiyyət və incəsənət nümayəndələri iştirak edirdilər. Azərbaycan Respublikasının Himni səsləndiriləndən sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcıları Zümrüd Güləliqızı və aktyor-rejissor Firdovsi Nəbiyev gecəni açıq elan edərək tədbir iştirakçılarını salamladılar. Millət vəkili Vüqar İsgəndərov qələbəmiz ilə bağlı çıxış edərək şəhid ailələrini, qaziləri, tədbir iştirakçılarını və xalqımızı təbrik etdi. Müğənni İlhamə Əzizin ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında qazilər bayraqlarla zala daxil olub üçrəngli bayrağımızı səhnə boyu dalğalandırdılar. Əməkdar artist Səlim Abbasov mahnı ifa edərkən masaların üzərində qoyulmuş şəhid şəkillərini öpərək dərin hörmətini bildirdi. Çıxış edən şəhid anaları və qazilər dövlətimizə, Ali Baş Komandan İlham Əliyevə, qalib ordumuza və tədbirin təşkilatçısına öz təşəkkürlərini bildirdilər.
“Azad” rəqs qrupunun möhtəşəm rəqsləri, kiçik yaşlı xanəndə Yusifin ifa etdiyi “Bayati-şiraz” muğamı iştirakçıları heyran etdi. Mərhum Xalq artisti Aygün Bəylərin bacısı Zümrüd Hümbətova, müğənni-bəstəkar Arif Səlimov, gənc və istedadlı müğənni Əsmər Quluzadə öz ifaları ilə tədbirə xüsusi bir rəng qatdılar. Müğənnilər Səma və Səbinə bacıları “Dünya, mənə özün boyda dərd verdin” mahnısını ifa edərkən şəhid anaları göz yaşlarına qərq oldu. Daha sonra Daun sindromlu uşaqların rəqsləri də kövrək anlar yaşatdı.
Tədbirdə iştirak edən qonaqlara “Qızıl Zəfər” mükafatı və hədiyyələr təqdim olundu.
Tədbirin təşkilatçısı Zümrüd Güləliqızı bu tədbirin ərsəyə gəlməsində ona dəstək olan baş sponsor “Köhnə Bakı” restoranına, “Aleda” gözəllik salonuna və onun rəhbəri Ofeliya Cəfərovaya, “Jalə Parfum” a öz təşəkkürünü bildirdi. Sonra isə Ofeliya Cəfərova təltif olunan qonaqlara, xüsusi olaraq şəhid ailələrinə “Aleda” gözəllik salonunda bir neçə proseduraları əldə etmək üçün 50 azn dəyərində hədiyyə kuponu təqdim etdi. “Jalə Parfum” tərəfindən isə ətirlər hədiyyə olundu.
Daha sonra isə gənc müğənni Kamran Nurun və “Sansora” qrupunun ifaları ilə tədbirin gecəsi başa çatdı.

.jpg)






Hazırladı: İsa Rəvan