AZ

“Göstərdik ki, biz kənarda yox, meydanda danışmağı bacarırıq” – “Qarabağ”lı ilə MÜSAHİBƏ

“Qarabağ” Azərbaycan derbisində “Neftçi”ni məğlub etnəy bacardı.

Hesabın açılmadığı ilk hissədən fərqli olaraq ağdamlılar ikinci yarıda rəqib qapısına 2 qol vurmağı bacardı.

Sportinfo.az-a açıqlama verən Ağdam təmsilçisinin nigeriyalı hücumçusu Emanuel Addai oyunla bağlı sualları cavablandırıb.

- Bu qələbəni sizin üçün xüsusi hesab etmək olar?

- Bu, çox-çox özəl qələbədir. Bu cür atmosferdə, dolu tribunaların qarşısında möhtəşəm oyun nümayiş etdirib, qalib gəlmək həqiqətən xüsusi hislər yaradır. Hiss olunurdu ki, bu oyun çempionatın bəzəyidir. Qələbəmizlə sübut etdik ki, “Qarabağ” böyük klubdur. Hər dəfə meydana çıxanda kim olduğumuzu göstərməyə çalışırıq. Çox xoşbəxtəm.

- Matçdan əvvəl “Qarabağ”la “Neftçi” arasındakı prinsipiallıqdan xəbərdar idin?

- Bu, derbidir. Ona görə də oyuna çox yaxşı köklənmişdik. Döyüşməyə, mübarizə aparmağa, hər şeyə hazır idik. Və bunu oyunumuzla sübut etdik. 2:0 qələbə qazanmaqla göstərdik ki, biz kənarda yox, meydanda danışmağı bacarırıq.

- Rəqibinizi nədə üstələdiyinizi düşünürsən?

- Topa nəzarət etməklə baş məşqçimizin verdiyi taktiki tapşırıqları yerinə yetirməyə çalışırdıq. Bəzi gedişlərlə “Neftçi”ni çaşdırmağı bacardıq. Xüsusən oyunun sonlarında onların yorulduğunu hiss edirdik. Və bundan maksimum yararlandıq.

- “Çelsi”ylə qarşılaşmadan 4 gün sonra derbi matçına çıxmaq fiziki cəhətdən nə dərəcədə mümkün idi?

- Çox çətin idi, çox. “Çelsi”ylə oyunda çox qaçmışdıq, güc itirmişdik. Hər birimiz peşəkarıq, başa düşürdük ki, bazar gününə qədər bərpa olunub hazır olmaq lazım idi. Nə qədər yorğun olsaq da, buna önəm verməməyə çalışırdıq.

- Dolu tribunaların önündə oynamağın ləzzəti başqadır yəqin.

- Əlbəttə. Stadiondakı atmosfer möhtəşəm idi. Bu qədər azarkeş görəndə adam həzz alır. Bu, tək məndə yox, digər futbolçularda da belədir. Rəqib nə qədər prinsipial olsa da, azarkeş az olanda oyunun marağı olmur. Hər matça bu qədər azarkeş gəlsə, yaxşı olar.

HƏBİB

Seçilən
44
sportinfo.az

1Mənbələr