AZ

Azərbaycan gücünü nümayiş etdirən parad həm qələbənin, həm də ordunun modernliyinin təcəssümüdür hərbi ekspert

Apa.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda keçirilən parad Azərbaycanın qələbəsinin təntənəsi idi. Azərbaycan bu paradla bir daha Vətən müharibəsində bizə qələbə gətirən şəhidlərimizi, qazilərimizi və müharibə iştirakçılarımızı xüsusi qeyd edərək onlara minnətdarlıq hissini məhz parad formasında nümayiş etdirə bildi.

Bunu APA-ya açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsində əldə olunmuş Zəfərin 5-ci il dönümü ilə bağlı keçirilən paradda Yeni Azərbaycan öz adına və yeni müasirliyi ilə seçilən texnika və silah-sursat avadanlığını nümayiş etdirdi.

“Əlbəttə, paradın nümayişi iki məqsəd daşıyır. Birinci məqsəd ondan ibarətdir ki, parad xalqımıza və dostlarımıza Azərbaycanın inkişafını və ordusunun gücünü göstərir. Eyni zamanda bu, düşmənlərimizə də bir mesajdır: Azərbaycana yad niyyətlə baxılacağı təqdirdə hansı güclə qarşılaşacaqları haqqında əzələ nümayişidir. Təbii ki, bu nümayiş zamanı biz Azərbaycan ordusunda aparılan islahatların nəticələrini görürük. Bu nəticələr Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin ordu qarşısında qoyduğu və Türkiyə ordu modelinə keçidlə bağlı tapşırıqların, eləcə də həyata keçirilən islahatların nəticəsidir. Bu islahatlar ordumuzun bütün sahələrini əhatə edib və paradda özünü göstərdi. Həm havada, həm də quruda olan bütün texnika, silah və avadanlıq yeniliklərlə müşahidə olunur. Bu yeniliklər müasir tələblərə cavab verən dördüncü və dörd plus nəsilə aid silahlar, raketlər, texnikalar, təyyarələr, artilleriya qurğuları, raket yayım vasitələri, pilotsuz uçuş aparatları və s.-dir. Buna görə də bu parad Azərbaycanın ordusunun inkişafını və gücünü nümayiş etdirir,” deyə, hərbi ekspert bildirib.

O, qeyd edib ki, əgər “güclü ordusu olan dövlət güclü dövlətdir” prinsipinə yanaşsaq, Azərbaycan ordusunun gücünü dövlətimizin gücü kimi qəbul etmək olar: “Çünki güclü iqtisadi potensialı və imkanları olan dövlət güclü ordu qurmağa qadirdir. Digər tərəfdən, Prezident İlham Əliyev dəfələrlə vurğulamışdı ki, ikili standartların hökm sürdüyü, beynəlxalq qanunların işləmədiyi bir dövrdə güc faktoru önə çıxır və “kim güclüdürsə, o haqlıdır” yanaşması formalaşır. Buna görə də hər bir dövlət kimi Azərbaycan da suverenliyini və maraqlarını qorumaq üçün güclü olmalıdır. Güc bizim qarantımızdır ki, maraqlarımız, suverenliyimiz və ərazi bütövlüyümüz etibarlı əllərdə qorunur.Azərbaycanın gücü və Silahlı Qüvvələrin inkişafı ölkəmizi dünyanın 50 güclü ordusu sırasında özünəməxsus yerə sahib edir. Bu güc isə heç bir dövlətə qarşı yönəlməyib. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın heç bir işğalçı niyyəti yoxdur. Ordumuzun gücü özünü qorumaq və regionda sabitliyi təmin etmək məqsədi daşıyır. Azərbaycanın siyasəti qonşuluq və dostluq siyasətinə əsaslanır və bütün qonşulara bu yanaşma ilə istiqamətlənir.”

Şair Ramaldanov bildirib ki, Azərbaycan ordusunun güclü olmasının səbəbi həm də Prezident İlham Əliyevin Silahlı Qüvvələri müasir prinsiplər əsasında inkişaf etdirməsi və ən müasir silahlarla təchiz etməsidir: “Bu, eyni zamanda kadr potensialının hazırlanması, müasir silahlara yiyələnmə və 44 günlük müharibədən əldə edilən təcrübənin tətbiqi ilə bağlıdır. Bu təcrübə bu gün kadr hazırlığı proqramlarında, elmi tədqiqatlarda və müasir silahların tətbiqi ilə bağlı taktiki yanaşmalarda öz əksini tapır. Buna görə də Azərbaycan bu gün regionun ən güclü dövləti və ən güclü ordularından birinə malik olan ölkə kimi qəbul olunur. Azərbaycan ordusunun bu inkişaf yolunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunu təşkil edib, işğalın qarşısını alıb və Horadiz əməliyyatı kimi uğurlu əməliyyatla düşməni 30 kilometr geri ataraq 22 yaşayış məntəqəsini azad edib, Bişkek razılaşmasına imza atmağa məcbur edib. Onun davamçısı Prezident İlham Əliyev ordunu müasir prinsiplər əsasında inkişaf etdirdi və Vətən müharibəsinə qədər Azərbaycan ordusu artıq yeni və müasir silahlarla təchiz edilmişdi.”

“Aprel döyüşlərində bu ordunun ilk sınağı oldu və uğurlu nəticədən sonra Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu sözlər Vətən müharibəsində təsdiqini tapdı və Azərbaycan 44 gün ərzində işğalçı qüvvələri məhv edərək ərazi bütövlüyünü bərpa etdi. Prezident müharibədən sonra da demişdi: “Azərbaycan ordusu nə lazımdırsa, onu alacaq.” Vətən müharibəsindən sonra bu təminat həyata keçirildi və bu gün beş illik parad da həmin təminatın nəticəsini göstərdi. Texnikamızın nümayişi bunun bariz nümunəsi idi,” deyə, hərbi ekspert fikrini yekunlaşdırıb

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
2
apa.az

3Mənbələr