AZ

Müəllim şagirdlər və həmkarlar üçün nümunə olmalıdır Məktəbdə etik davranışın önəmi nədir?

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Təhsil ocağı təkcə bilik məkanı deyil, həm də tərbiyə və mənəviyyat ocağıdır. Hər bir müəllimin davranışı, danışığı, münasibəti şagirdlər və həmkarlar üçün nümunə təşkil edir.

Təəssüf ki, bəzən bu dəyərlər unudulur və təhsil ictimaiyyətinə yaraşmayan hallarla qarşılaşmaq məcburiyyətində qalırıq. Bu günlərdə bir məktəbdə baş verən hadisə bunu bir daha göstərdi. Belə ki, İngilis dili müəlliminə “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozduğuna və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Məktəb rəhbərliyinin verdiyi məlumata görə, noyabrın 4-də direktor əvəzi, tərbiyə işləri üzrə təşkilatçı və Həmkarlar Komitəsinin sədri ilə aparılan söhbət zamanı müəllim həmkarlarının ünvanına təhqiramiz ifadələr işlədib, etik qaydalara zidd davranış sərgiləyib. Hadisə zamanı müəllimin emosional vəziyyətinin qeyri-sabit olduğu da qeyd olunur. Buna baxmayaraq, təhsil müəssisəsində belə halların baş verməsi qəbuledilməzdir. Məktəb rəhbərliyi onun sağlamlıq durumunu nəzərə alaraq təcili tibbi yardım çağırıb.

Bir məsələ aydındır ki, müəllimlik sadəcə peşə deyil, missiyadır. Müəllim məktəbdə mədəniyyətin, dözümlülüyün, hörmətin simvolu olmalıdır. Şagirdlər müəllimə baxaraq davranış öyrənir, müəllimin nitqinə baxaraq ünsiyyət tərzini mənimsəyir. Bu kimi hadisələr təhsil sistemində etik davranışın və peşə məsuliyyətinin nə qədər vacib olduğunu bir daha gündəmə gətirir. Təhsil işçiləri arasında qarşılıqlı hörmət, etik ünsiyyət və psixoloji mədəniyyət hər bir məktəbin sağlam mühitini formalaşdıran əsas amillərdəndir.

Müəllimə xəbərdarlıq və intizam tədbiri təkcə cəza kimi yox, həm də ibrət kimi qəbul edilməlidir. Çünki məktəbin nüfuzu, "müəllim" adının ucalığı və gələcək nəslin tərbiyəsi bu dəyərlərin qorunmasından keçir.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
bizimyol.info

1Mənbələr