AZ

Başdakı sızanaqlar bu problemlərdən xəbər verə bilər

Baş dərisində yaranan ağrılı sızanaqlar bəzən müəyyən sağlamlıq problemlərindən xəbər verə bilər.

Azreform.info milli.az-a istinadən xəbər verir ki, baş dərisi insan orqanizmində baş verən daxili proseslərin bir növ göstəricisidir və orada olan problemləri görməməzliyə vurmaq olmaz. 

Məlumata görə, bu problemlərin ilk səbəbi hormonal pozğunluqlar ola bilər. Belə ki, qadın orqanizmində də müəyyən miqdarda olan kişi cins hormonları artdığı zaman piy vəziləri normadan artıq işləyir. Artıq piy ölü hüceyrələr və tozla qarışaraq dəri ətrafı kanalları tıxayır və iltihab yaradır. Nəticədə isə sızanaqlar əmələ gəlir.

Əgər bu tip səpgilər uzun müddət keçmirsə, üz dərisi yağlıdırsa, saç tökülməsi, menstrual dövrün pozulması və ya bədəndə artıq tüklənmə müşahidə olunursa, bu, hormonal tarazlığı yoxlamaq üçün ciddi səbəb sayılır. Çox vaxt belə hallar polikistoz yumurtalıq sindromu (PKYS) və ya digər endokrin pozğunluqlarla bağlı olur.

İkinci mümkün səbəb müntəzəm stressdir. Sinir gərginliyi zamanı orqanizmdə ifraz olunan kortizol hormonu da piy vəzilərinin fəaliyyətini artırır. Üstəlik, stress fonunda insanlar çox vaxt bilmədən baş dərisinə toxunur və bu da infeksiya riskini yüksəldir.

Üçüncü səbəb isə baş dərisinə düzgün qulluq edilməməsidir. Bu, həm nadir hallarda saç yuma (kifayət qədər təmizlənməmə), həm də çox tez-tez yuma və ya dərini qurudan vasitələrdən istifadə ilə bağlı ola bilər. Həmçinin, tərkibində məsamələri tıxayan komponentlər (məsələn, bəzi silikonlar və yağlar) olan şampun, balzam və saç baxımı məhsulları da bu problemi yarada bilər. Bəzən balzamın baş dərisinin dibində tam yuyulmaması da sızanaqların yaranmasına səbəb olur.

Dördüncü səbəb qidalanma və həzm sistemi ilə bağlı problemlərdir. Həddindən artıq şirin, un məmulatları, "fast food" və bəzi insanlarda süd məhsulları orqanizmdə iltihab proseslərini gücləndirə və bu, baş dərisində də özünü göstərə bilər.

Beşinci səbəb isə göbələk infeksiyaları və ya dəri gənəsi ola bilər. Bəzən insanlar sızanaqla qarışdırdıqları follikulitə, yəni saç follikullarının bakteriya və ya göbələk səbəbindən iltihablanmasına məruz qalırlar. Əgər səpgilər qaşınma, qabıq və ya qopmalarla müşahidə olunursa, dermatoloqa müraciət etmək tövsiyə olunur.

Problemin dəqiq səbəbini müəyyən etmək üçün ilk növbədə dermatoloqa və ya trixoloqa müraciət edilməlidir. Onlar infeksiya və qulluqla bağlı problemləri istisna etdikdən sonra, əgər səbəb tapılmazsa, endokrinoloqa müraciət olunmalıdır. Hormon analizləri və USM müayinəsi vəziyyəti aydınlaşdırmağa kömək edəcək.

Həmçinin baş dərisinə qulluqda balanslı yanaşma vacibdir. Başı çirkləndikcə yumaq, düzgün şampunlardan istifadə etmək və balzamı tam şəkildə yumaq tövsiyə olunur. Qidalanmanı da nəzərdən keçirmək, 2-3 həftə ərzində sürətli karbohidratları və süd məhsullarını azaltmaq faydalı ola bilər.

Seçilən
32
3
azreform.info

10Mənbələr