AZ

Zəfər Günü Niderlandda qeyd edilib

Haaqada Azərbaycanın Zəfər Günü münasibətilə "Mənim Azərbaycanım: Odlar Yurdunun ritmləri" adlı konsert proqramı təqdim olunub.

Missiya.Az xəbər verir ki, Azərbaycanın Niderlanddakı Səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə bu ölkənin dövlət qurumlarının, ölkədə akkreditə olunmuş diplomatik korpusun, siyasi, ictimai, işgüzar, mədəniyyət və akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Çıxış edən Azərbaycanın Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə 2025-ci ilin Azərbaycanda Konstitusiya və Suverenlik İli elan olunmasını, bu günlərdə Zəfərin beş illiyinin və Dövlət Bayrağı Gününün böyük fəxarət hissi ilə qeyd edilməsini dövlətçiliyimizin daha da möhkəmlənməsinin və milli birliyimizin təntənəsi olduğunu bildirib.

M.Əhmədzadə tədbiri sülhün, dostluğun və Azərbaycan-Niderland mədəni əlaqələrinin parlaq rəmzi adlandırıb.

Ardınca tədbirin bədii hissəsi nümayiş olunub. Rəngarəng konsert proqramında Azərbaycanın "Ritm" rəqs qrupu "Qaytağı", "Sarı gəlin", "Vağzalı", "Çay", "İgidlər", "İnnabı", "Nağara", "Uzundərə", "Fantaziya" və "Yallı" kimi rəqslər nümayiş etdirilib.

Həmçinin Niderlandda yaşayan azərbaycanlı ifaçılarla Azərbaycandan gəlmiş musiqiçilər musiqi kompozisiyası ilə çıxış ediblər.

Qeyd edək ki, tədbir Azərbaycan Niderlanddakı Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan-Niderland "Odlar Yurdu" Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Seçilən
23
2
missiya.az

3Mənbələr