8 Noyabr – Zəfər Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və şəhərlərində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.
Anım mərasimlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, yerli icra hakimiyyətlərinin nümayəndələri, Daxili İşlər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının hərbçiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarlar ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub. Çıxışlarda Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın igidlik və fədakarlığından, onların şərəfli döyüş yolunun gənclər üçün örnək olduğundan bəhs olunub. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şərurda şəhid Rauf Qurbanov və şəhid Sərxan Salahovun anım günü keçirilib
6 noyabr 2025-ci il tarixdə şəhidlər Qurbanov Rauf Vahid oğlu və Salahov Sərxan Həsənqulu oğlunun anım günləri münasibətilə Şərur rayon Şəhidlər Xiyabanında tədbir keçirilib.
Çıxış edənlər qəhrəman şəhidlərin döyüş yollarından, torpaqlarımızın azadlığı uğrunda göstərdikləri igidlikdən danışıblar, onların ailələrinə səbir və dözüm arzulayıblar.
Qeyd edək ki, şəhid leytenant Rauf Qurbanov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, şəhid Sərxan Salahov isə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Babəkdə qəhrəman gizir Ümid Novruzlunun xatirəsi ehtiramla anılıb
Babək şəhərində Vətən müharibəsi şəhidi, gizir Ümid Bahadur oğlu Novruzlunun xatirəsi dərin hörmətlə anılıb.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxışında bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanların şücaəti xalqımızın qürur mənbəyidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının bu istiqamətdə dövlət siyasətinin əsas prinsiplərindən biri olduğunu vurğulayıb.
Çıxışlarda gizir Ümid Novruzlunun döyüş yolundan, vətənpərvərliyindən və göstərdiyi qəhrəmanlıqdan danışılıb.
Şəhid Ümid Novruzlu 7 iyun 1992-ci ildə Babək qəsəbəsində anadan olub, 2020-ci il noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin Bahadur adlı oğlu və Nilay adlı qızı qalıb.
Şahbuz rayonunda şəhid mayor Elşən Orucovun xatirəsi anılıb
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhid mayor Elşən Yavər oğlu Orucovun anım günü doğulub boya-başa çatdığı Ayrınc kəndində, müqəddəs məzarı önündə qeyd olunub.
Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, hərbçilər, polislər, kənd sakinləri və məktəblilər iştirak ediblər.
Çıxış edənlər şəhid mayor Elşən Orucovun qəhrəmanlıq yolundan, döyüşlərdə göstərdiyi igidlikdən bəhs ediblər. Qeyd olunub ki, belə mərd vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və onların qəhrəmanlığı gənc nəsil üçün örnəkdir.
Tədbirdə məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər və onların xatirəsini dərin ehtiramla yad ediblər.
Naxçıvanda şəhid leytenant Vəli Quliyevin anım mərasimi keçirilib
Naxçıvan şəhərində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenant Vəli Quliyevin anım tədbiri keçirilib.
Çıxışlarda şəhidin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs edilib, onun igidliyinin gənclər üçün örnək olduğu vurğulanıb. Məktəblilər Vətən və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vəli Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Tədbirlərin sonunda iştirakçılar şəhidlərin xatirəsini bir daha ehtiramla yad edib, onların ailələrinə səbir və dözüm arzulayıblar.
Qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.
Bəxtiyar Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi




