“Hər bir idmançı həyatında çətin anlar yaşayır, amma bu, bizim başımıza gələndə inanmaq çətin olur”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges şəxsi “Instagram” hesabındakı paylaşımda qeyd edib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə 2:2 hesablı heç-heçə ilə nəticələnən oyunda ayağından zədələnən 29 yaşlı yarımmüdafiəçi hisslərini belə ifadə edib:
“Bu vəziyyət nə üzümdən təbəssümü, nə də bunun prosesdə bir hissə olduğuna olan inamımı ala bilər. Əminəm ki, bu andan çox şey öyrənərək daha güclü şəkildə geri dönəcəyəm.
Məhəbbət və qayğı dolu bütün mesajlarınıza görə hamınıza ürəkdən təşəkkür edirəm. Mən sizi çox sevirəm və hər birinizi qəlbimdə daşıyıram”.
Qeyd edək ki, sol fibula sümüyündə sınıq aşkar edilən Kadi Borgesin müalicə və bərpa müddəti təxminən 8 - 10 həftə davam edəcək. Bu isə braziliyalı futbolçunun ən azı “Napoli” və “Ayaks”la qarşılaşmalarda iştirak etməyəcəyini göstərir.