AZ

Qubadlı RİH Zəfər Gününə həsr olunmuş tədbir keçirdi - FOTOLAR

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 07 noyabr 2025-ci il tarixdə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr - Zəfər Günü ilə əlaqədar Sumqayıt şəhər 28 May Mədəniyyət evində tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Ceyhun Məmmədov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsi Qubadlı rayon nümayəndəliyi, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, ağsaqqallar, ziyalılar, Şəhidlərimizin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirdə Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Vətən Müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərə aparan yol ” adlı film nümayiş olundu. 

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Vətən müharibəsində əldə edilən Şanlı Qələbənin 5-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.

Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Prezident İlham Əliyevin dəmir iradəsi və şanlı Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən təslim oldu və bununla da xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu və şəhidlərimizin qisası alındı.

Azərbaycan xalqı 44 gün ərzində öz qüdrətini göstərdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. 

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur. 

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. Vətən müharibəsində rayon sakinlərindən 298 nəfər könüllü olaraq iştirak etmişdir. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə olunan zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”– deyən Ulu Öndər Heydər Əliyevin arzusunu realllaşdırdı. 

Eyni zamanda qeyd olundu ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə Azərbaycan bayrağı qaldırıldı.

Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış ərazilərimizdə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş bərpa-quruculuq işləri aparılır. Azərbaycanın tarixində yeni səhifə başlanıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. 

Dondarlı kənd sakini Şəhid Sirac Abışovun qardaşı Şirzad Abışov, Ehtiyatda olan I və II Qarabağ Müharibəsi iştirakçısı, Zəfər ordenli Polkovnik Haqverdi Dadaşov və I və II Qarabağ Müharibəsi iştirakçısı hazırda S.Rəhimov adına Mahruzlu kənd tam orta məktəbin hərbi müəllimi polkovnik- leytenant Etibar Kərimli çıxışlarında bildirdilər ki, xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Tədbir 28 May Mədəniyyət evində geniş konsert proqramı ilə davam etdirildi. Zəfər Gününə həsr olunmuş konsert proqramında respublikanın tanınmış müğənniləri tərəfindən mahnılar ifa olundu, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən müxtəlif rəqs nömrələri nümayiş etdirdi, mahnılar və şeirlər səsləndirildi.
 

Seçilən
41
50
unikal.az

10Mənbələr