AZ

Marta Kosdan Avropa İttifaqına üzv olacaq ölkələrə mesaj: Seçiminizi edin

BAKI, 8 noyabr. TELEQRAF

“Avropa İttifaqına (Aİ) namizəd ölkələr ittifaqa üzv olmadan əvvəl geosiyasi seçimlərini etməlidirlər”.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib.

“Yeni üzvlər əsas məsələlərdə əsaslı dəyərləri paylaşmalıdırlar ki, məsələn, Macarıstan təcrübəsinin təkrar olunmasının qarşısı alınsın. Bu səbəbdən Avropa Komissiyası yeni üzvlər üçün qanunun aliliyinin qorunması üzrə daha sərt tədbirləri nəzərdən keçirir”, - o bildirib.

Kos qeyd edib ki, üzv dövlətlər və Avropa sakinləri üçün əsas məsələ namizəd ölkələrin üzvlükdən sonra verdikləri vədləri yerinə yetirməsidir.

Yeni üzv dövlətlərin müəyyən müddət ərzində tam səsvermə hüququndan məhrum edilə biləcəyinə dair Kos söyləyib ki, belə bir ikinci dərəcəli üzvlük ideyasını dəstəkləmir: “Mən buna qətiyyən qarşıyam, bizim ikinci dərəcəli vətəndaşlarımız ola bilməz”.

Xatırladaq ki, Aİ üzvlüyünə rəsmi namizəd statusu Gürcüstan, Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqroya verilib. Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Albaniya, Moldova, Ukrayna və Monteneqronun 2030-cu ilədək Avropa İttifaqına üzv ola biləcəyini açıqlayıb. Gürcüstanla Aİ arasında üzvlüyə dair başlanmış danışıqlar hələlik dayandırılıb.

Seçilən
61
teleqraf.com

1Mənbələr