AZ

Azərbaycanın şanlı tarxi 8 Noyabr Zəfər Günü haqqında DEPUTATLARLA MÜSAHİBƏ

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bu gün noyabr ayının 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. Bu bayramın Azərbaycan xalqı üçün çox önəmi var. Uzun illər hər bir azərbaycanlının ürəyindəki ən böyük arzu və diləyə çevrilək, torpağının bir qarışının belə işğal altında qalması ilə barışmayan xalq artıq ürəyindəki yaranı sağaltmaq imkanı qazanmışdı. 1994-cü ildə Birinci Qarabağ müharibəsi zamanı imzalanan atəşkəs tam 26 il ərzində millətin qəlbindən daş sallandırıb, gözlərini yollarda qoymuşdu. Əhali bu illər ərzində “Qarabağ” fəryadı qoparırb torpağının tapdaq altından azad edilməsi üçün bir işarə gözləyirdi. Xalqın hər fərdinin ürəyindəkini duyan Ulu Öndər Heydər Əliyevin cızdığı siyasi xətt gələcək nəsillərin vətənpərvər ruhda yetişdirilməsi oldu. Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrədək dünyadan təcrid edilən Azərbaycan Ümumilli Liderin rəhbərliyi altında beynəlxalq mühitdə özünü göstərdi. Artıq Azərbaycan prezidentinə özündən əvvəlki rəhbərlər kimi dırnaqarası yanaşılmır, onun regiondakı söz sahibi olması, strateji məsələlərdə fikirlərinin öyrənilməsinin vacibliyi ön plana çəkilirdi. Çünki Heydər Əliyev Azərbaycanın müsətqilliyinin, ölkə ərazisində sabitliyin və inkişafın bərpasında imzası olan tək liderdir. Atəşkəs müqaviləsindən cəmi il yarımdan az müddət ərzində ölkənin inkişafı üçün ölkə neftinin dünya bazarına çıxarılması üçün “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan investisiya qoyulması vacib ölkələrdən birinə çevrildi. Bir çox dövlət və hökumət başçıları yeritdiyi strategiya və cızdığı balanslı siyasi xəttə görə Heydər Əliyevlə dostluğa önəm verməyə başladı.

Ulu öndərin siyasi kursunun, strateji xəttinin davamçısı olan Prezident İlham Əliyevin ölkəmiz üçün etdikləri isə nəinki yaşıdlarımın, hətta azyaşlıların belə gözləri qarşısında baş verdi. İllərlə əhalinin rifahı, gələcək nəsilərin inkişafı ilə yanaşı ordu quruculuğuna da böyük investisiya qoyuluşu edilməsinin vacibliyini vurğulayan dövlət başçısı öz əməyinin bəhrəsini gördü. Onun ordu və xalqla vəhdət içərisində ilmək-ilmək toxuduğu strategiya 2020-ci ilin 8 noyabr tarixində sonda bir qaftan kimi bu dövlətin, millətin əyninə oturdu. Uzun illər tariximiz ərzində itirdiyimiz torpaqların, adına ancaq məğlubiyyətlər yazılan bu millətin qüruru təzələndi, gücü bərpa olundu. Sözünün kəsərini arxasındakı xalqdan, ordudan alan Ali Baş komandan İlham Əliyev Vətəninin Zəfər tarixini yazdı. Bu gün isə bu tarixdən artıq 5 il keçir. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına başa gələn bu şanlı tarix heç vaxt unudulmasın deyə yubiley ilində ölkənin hər yerində yürüşlər keçirilir. Bu gün isə “Azadlıq meydanı”nın qarşısında saat 13:00-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə keçiriləcək tədbirdə ölkənin müxtəlif qoşun növləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Hərbi Hava və Dəniz Qüvvələri iştirak edəcək.

Paradda həmçinin müasir hərbi texnika, silah sistemləri və aviasiya vasitələrinin nümayişi də nəzərdə tutulur.

Zəfər Gününün ölkəmiz və onun tarixi üçün nə qədər önəmli olması ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, bu gün müasir Azərbaycan tarixinin ən qürurlu günlərindən biridir, desək, yanılmarıq.

“Məlumdur ki, Azərbaycan Şərqdə ilk demokratik respublika quran 1918-1920-ci illərdə mövcud olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq 1991-ci ildə müstəqilliyini bərpa edib və müstəqilliyimiz bərpa edilən dönəmdə Azərbaycanın bu arealda müstəqil, hüquqi və güclü dövlət olmasından narahatlıq keçirən bir çox qüvvələr var. Azərbaycana qarşı bir çox xoşa gəlməz addımlar atılmaqda idi və istər Şimal qonşumuz, istər Cənub qonşumuz, istərsə də bir sıra digər qlobal güclər bu arealda dayanıqlı Azərbaycan dövlətinin -formalaşmasına bir qədər fərqli prizmadan baxırdılar deyə, Ermənistana dəstək fonunda Azərbaycanın ərazi pütövlüyü təhdid altına alınmışdı. Ona görə də biz 1-ci Qarabağ savaşında həmin güclərin bilavasitə dəstəyilə Ermənistanın torpaqlarımızın 20%-ni işğal altına alması faktı ilə üzüzə qaldıq.

Eyni zamanda həm SSRİ-nin quruluşunun ilk illərində, həm də 1987-1988-ci illərdə Qərbi Azərbaycandan bizim bacı qardaşlarımızın, soydaşlarımızın deportasiya olunması, sürgün olunması məsələsi də tarix boyu gözardı edilməməlidir. Yəni, ağır bir şəraitdə dövlətimizi qurduq, bunu bacardıq, xalq olaraq, dövlət olaraq, millət olaraq bunu bacardıq. Bütün basqılara baxmayaraq, biz ayaq üstündə dura bildik.

1 milyon qaçqın və məcburi köçkünü olan yeni qurulmuş bir dövlət olaraq, eyni zamanda torpaqları 20% işğal altına düşən bir dövlət olaraq, hələ sona qədər ordu quruculuğunu başa çatdırmamış bir dövlət olaraq, böyük bir yol keçdik və basqı altında bizə təzyiqlərə rəğmən işğalla barışmayacağımızı xalq olaraq ortaya qoyduq. Dövlət olaraq siyasi iradəmizi ortaya qoyduq və öz gücümüzə torpaqlarımızı işğaldan azad etdik. 1991-ci ildə müstəqilliyi əldə edəndən sonra ilk dəfə ərazi bütövlüyümüzü və suverenliyimizi də dərk etmiş olduq ki, bu sözün həqiqi mənasında çox böyük zəfərdir. Simvolik olaraq 8 noyabr Şuşanın işğaldan azad olunması günü Azərbaycanda “Zəfər bayramı” kimi qeyd olunmaqdadır və artıq bu möhtəşəm zəfərin 5-ci il dönümüdür. Qürurluyuq, xalq olaraq, dövlət olaraq, millət olaraq qürurluyuq.

Biz təkcə torpaqlarımızı işğaldan azad eləmədik, təkcə suverenliyimizi dərk etmədik. Biz eyni zamanda bu regionun düzənini dəyişdik. Artıq regionda Azərbaycan birmənalı olaraq söz və güc sahibidir. Bu regionda reallaşması gözlənilən və reallaşan istənilən layihədə Azərbaycansız mümkün deyil.

Bunu artıq həm region dövlətləri, həm bu regionda iqtisadi, siyasi və digər maraqları olan qlobal güclər də qəbul edirlər. Azərbaycanı artıq bu regionun aparıcı dövləti olaraq qəbul etməkdədirlər və məsələ həm də onlardır ki, bizim yerləşdiyimiz coğrafiya həm də ona imkan verir ki, bütün kommunikasiya qovşaqları Azərbaycan ərazisindən keçir və bu istiqamətdə də Azərbaycan dövləti kifayət qədər ciddi işlər görüb. Bütün bunlar İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə və digər əldə etdiyimiz bütün uğurlar da təbii ki, ruhları qarşısında baş əydiyimiz şəhidlərimizin, eləcə də qazilərimizin, ordumuzun, qəhrəman əsgərlərimizin, xalqımızın, bütövlükdə və bütün bu qələbənin memarı olan, onu da xüsus olaraq qeyd edilmək lazımdır ki, Azərbaycan Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin bilavasitə memarlığı ilə, bu proseslərin başında durması ilə reallaşıb. Biz dövlət olaraq, millət olaraq qürurumuzu özümüzə qaytarmaqla yanaşı, eyni zamanda bu regionun inkişafına çox böyük töhfələr verməkdəyik. Yeni kommunikasiya qovşaqlarının açılması və mövcud kommunikasiya qovşaqlarının imkanlarının genişləndirilməsi fonunda da Azərbaycanın əhəmiyyəti göz önündədir.

Bu baxımdan Zəfər günü sözün həqiqi mənasında çox möhtəşəm və böyük zəfərin günüdür. Bu münasibətlərə, fürsətdən istifadə edərək bütün xalqımızı, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün ordumuzu, qəhrəman, igid, əsgər və zabitlərimizi bir daha təbrik edirəm”.

Millət vəkili Arzu Nağıyev bildirib ki, Zəfər Günü Azərbaycan xalqının, dövlətinin şanlı tarix salnaməsində qürur və milli birlik rəmzidir.

"Bu, təkcə 44 günlük müharibədə qələbənin qazanılması deyil, eyni zamanda suveren Azərbaycanın müdafiə və təhlükəsizlik konsepsiyasının səmərəsinin təntənəsidir. Ali Baş komandan İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan ordusu və şəhadəti şərəf sayan Azərbaycan xalqının məhz vəhdəti nəticəsində bu qələbə əldə edilib.

Cənab Prezidentin apardığı informasiya müharibəsi, texnikanı dərk edən, eyni zamanda ən müasir silahlardan istifadə etmə bacarığına malik olan milli potensialımız bu, çox mühüm məsələ idi. Heç bir Azərbaycan vətəndaşı “müharibəni dayandır” deyə, belə bir tələb irəli sürmədi. Bir dənə də fərarilik qeydə alınmadı.

Ordunun texniki təminatı, kəşfiyyat-informasiya, psixoloji təhlükəsizlik sahəsində xüsusi xidmət orqanlarının apardığı iş, bunlar hamısı qələbənin, təbii ki, bir dayağı idi. Xalqın milli ruhu, birliyinin strategiyası, bunun bir gücə çevrilməsi. Əlbəttə, Vətən müharibəsindəki qələbə ilə Azərbaycan regional təhlükəsizlik arxitekturasını dəyişdi.

Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimiz tez zamanda dinc həyata qayıtsın. Əsas məqamlardan da biri odur ki, yaranmış həssas təbəqəyə qarşı istər 1-ci vitse-prezident Mehriban Əliyeva tərəfindən, Cənab Prezidentin məhz tapşırığına uyğun olaraq digər strukturlar tərəfindən ən ciddi diqqət var idi.

Zəngəzur dəhlizinə bağlı digər nəqliyyat layihələrinin Azərbaycanın enerji və logistik təhlükəsizliyini daha da gücləndirməsini ortaya qoydu.

Türk Dövlətləri Təşkilatı və bizə dəstək olan istər Türkiyə, istər Pakistan, bunların mənəvi dəstəyi hər tərəflə lazım idi. Əsas məqam da odur ki, bu müharibədən sonra qarşımızda duran indiki diplomatik məsələlər, sülh müqaviləsinin imzalanması, Vaşinqtonda keçən görüş, bunlar mühüm məsələdir. Çünki milli suverenliyin qorunması üçün, texnoloji üstünlük və rəqəmsal təhlükəsizliyin, kiber-təhlükəsizliyin gücləndirməsi üçün, regional balansı qoruyub saxlamaq üçün bu, mühüm məsələdir.

Zəfərin davamı kimi gələcəyə inam, ruh yüksəkliyi bu gün yalnız keçmişin qüruru deyil, gələcəyin təhlükəsizliyinin təminatı üçün bir mənbədir. Müasir müdafiə sənayesinin inkişafı, regional sülh təşəbbüsündə aparıcı qüvvəyə çevrilməsi, hərbi siyasi qüdrətin daha da artırılması çox mühüm məsələdir. Minalardan təmizləmə, əhalimizin dinc quruculuq fəaliyyəti üçün ata-baba yurduna köçürülməsi də çox mühüm məsələdir.

Bir sözlə, Zəfər Günü Azərbaycan milli və hərbi gücünün, strateji uzaqgörənliyinin təhlükəsizliyin konsepsiyasının bir simvoludur. Bu, dövlətimizin müstəqilliyinə, ərazi bütövlüyünə, xalqın rifahının qorunmasına xidmət edir. Düşünürəm ki, güclü dövlət, müasir ordu və xalqın birliyi sayəsində Azərbaycanın müdafiə və təhlükəsizlik konsepsiyası gələcək nəsillərə daha etibarlı, daha sabit və daha təhlükəsiz bir yaşam tərzi, eyni zamanda çox mühüm bir Vətən bəxş edəcək”.

Deputat Vüqar Rəhimzadə Avtosfer.az-a müsahibəsində deyib ki, hər bir bayram daim onun mahiyyətinin təqdimatı üçün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Bu gün qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz 1993-cü ildə - Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından başlanan yolun uğurlarının zirvəsində dayanır.

“Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycanı daha da gücləndirdi, hər bir sahədə qələbəyə hazırladı. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanması keçmiş işğal dövrü ərzində dövlət siyasətinin  strateji hədəfi oldu. Azərbaycanın iqtisadi inkişafı müstəqilliimizin və suverenliyimizin qarantı olan ordumuzun daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılmasını şərtləndirdi. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Prezident İlham Əliyevin  rəhbərliyi  ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində  özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Onların fədakarlığı, qəhrəmanlığı, torpaq, Vətən sevgisi bir dastana çevrildi. Xalqımızın öz Lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi Qələbənin təmin edilməsində mühüm rol oynadı”.

Milli Məclisin deputatı qeyd edib ki,  44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək  ərazi bütövlüyümüzü bərpa etdi.

“Silahlı Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, işğalçı Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycana  təhvil verdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır.

"Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 8 Noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində bu məqamı xüsusi qeyd edirdi ki, Şuşasız bizim işimiz yarımçıq olar.

Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli, qalib  Sərkərdə kimi əbədi yazdırdı. Şuşanın azad olunması müharibənin taleyini həll etdi.

XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin  və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bu ordunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də üstünlüyünü qorudu. Dövlət başçısı İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın diplomatik uğurudur. Müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələrini real mübarizə üsuluna çevirən Prezident İlham Əliyev informasiya  müharibəsində də qalib oldu. Onun bu müsahibələr vasitəsilə dünyaya səsləndirdiyi çağırışlar keçmiş münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, “Dəmir yumruq” əməliyyatı milli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar.

“Ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Vətən müharibəsi ərəfəsində, müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını da nümayiş etdirdi.

44 günlük Vətən müharibəsi həqiqət anı kimi də dəyərləndirilir. Kimin haqqın, kimin isə təcavüzkarın yanında olduğu bir daha təsdiqləndi. Azərbaycan 30 illik işğal dövründə dünya güclərinin ikili standartlara əsaslanan siyasətini daim öz üzərində yaşamışdı. Ədalət və beynəlxalq hüquq məfhumları bəzi dünya güclərinin maraqlarının arxasında dayanaraq problemlərin daha da dərinləşməsinə, Ermənistanın yeni ərazilər üzrə müharibə planlarına gətirib çıxardı. Bu yanaşmalar Vətən müharibəsində bir daha özünü nümayiş etdirdi. Müharibənin ilk günündən Azərbaycanın yanında olan Türkiyə və Pakistanın mənəvi, siyasi dəstəyi daim dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı Azərbaycana əlavə güc verdi. Tarixi Zəfərimizdən sonra, 2021-ci ilin 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə  Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.

Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımların tərkib hissəsi olaraq bu torpaqlarda İşğal və Zəfər muzeyləri inşa edilir. İnfrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir. Yeni yollar -  avtomobil, dəmir yolları tikilir. Beynəlxalq Hava limanları inşa edilərək artıq istifadəyə verilib. Qarabağ və Şərqi Zəngəzur Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları vasitəsilə hava qapılarını dünyaya açdı. İnsanların bu torpaqlarda rahat yaşayışını təmin etmək üşün bütün zəruri addımlar reallığa çevrilir. Prezident İlham Əliyev 16 noyabr 2022-ci il  tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. Tarixi Zəfərimizdən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb.

Statistik rəqəmlərə diqqət yetirək. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılıb.  Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 2025-ci il  30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsi hazırlanır. Hazırda  Qarabağ və Şərqi Zəngəzurda bura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
4
avtosfer.az

10Mənbələr