AZ

Beynəlxalq sülh və əməkdaşlıq layihəsi -TRIPP marşrutu

30 illik zaman kəsiyindən sonra Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsini birləşdirəcək, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək bu strateji layihənin regionda yeni nəqliyyat imkanları yaratması Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycan-Türkiyə əlaqələrinin yüksəlməsinə böyük töhfələr verəcək, türkdilli dövlətlər arasında əməkdaşlığa yeni nəfəs gətirəcək. 

ABŞ Prezidenti Donald Trampın bildirdiyi kimi, TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” təkcə yeni nəqliyyat erası deyil, həm də Ağ Evin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən tarixi sülh sazişinin nəticəsidir. Doğrudan da, 8 avqust tarixli Vaşinqton Zirvə görüşündə sülh sazişinin mətninin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında müəyyən müsbət addımlar atılıb. Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmasını buna nümunə göstərmək olar. Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb. Bugünlərdə taxıl yüklü qatar Azərbaycandan keçməklə Ermənistana gedib. Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub.

Bundan başqa, Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon bugünlərdə Böyük Kəsik stansiyasından Ermənistana göndərildi. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınıb.

Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında Rusiyadan buğda yüklü ilk qatarın ölkəyə gəlişini şərh edərkən bildirib ki, bu ölkədən Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə mal idxalı üçün yeni müraciətlər daxil olur: “İlkin olaraq, birinci qatarın Qazaxıstandan gəlməsi planlaşdırılırdı. Lakin sonradan məlum oldu ki, Azərbaycan Rusiya yükləri üçün də belə bir imkan yaradır. İndi bu marşrut üzrə Rusiyadan ayrı-ayrı kateqoriyalı malların idxalı üçün müraciətlər formalaşır. Vəziyyət dinamik inkişaf edir-yeni müraciətlər daxil olur. Həmçinin Ermənistandan Rusiyaya, Qazaxıstana və digər ölkələrə yük axınının necə təşkil oluna biləcəyini yoxlamaq lazımdır”.

Baş nazirin sözlərinə görə, Azərbaycan üzərindən malların Ermənistana çatdırılmasının yeni imkanı nəzərə alınmaqla, yük axınları yenidən bölüşdürülür. Paşinyan Qazaxıstan qatarı gələnə qədər Rusiyadan əlavə partiyaların göndərilməsinin mümkünlüyünü istisna etməyib.

Prezident İlham Əliyev bu yaxınlarda Qazaxıstan səfəri zamanı Prezident Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında bildirmişdi ki, TRIPP layihəsi mütləq reallaşdırılacaq: “Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur- Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq”.

Qırx iki kilometrlik “Tramp sülh yolu” adlanan layihə avtomobil və dəmir yolunun hərəkəti ilə yanaşı, enerji və kommunikasiya xətlərinin reallaşmasına əlverişli şərait yaradacaq, regionda davamlı sülhün təmin edilməsinə, etimad mühitinin, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələr verəcək. Eksperetlərin hesablamalarına görə, TRIPP-ın Orta Dəhlizə birləşməsi ölkəmizin ərazisindən ildə 35 milyon ton yükün daşınmasına şərait yaradacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Orbeli Forumu”nun açılışında bildirib ki, Ermənistan və ABŞ Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni dəmir yolunun tikintisi ilə bağlı aktiv danışıqlar aparır: “Hazırda biz amerikalı tərəfdaşlarımızla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasını müzakirə edirik. Niyə məhz ABŞ-la? Çünki bu, TRIPP layihəsinin ayrılmaz hissəsidir”.

Yeri gəlmişkən, TRIPP marşrutu çərçivəsində həmin ərazidən keçəcək dəmir və avtomobil yollarının çəkilməsində də ABŞ iştirak edəcək. Artıq bu məqsədlə ABŞ 145 milyon dollar ayırıb. 

ABŞ Prezidenti Donald Tramp noyabrın 6-da Ağ Evdə “Mərkəzi Asiya + ABŞ” (C5+1) formatında region ölkələrinin (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan) liderləri ilə görüşdə bildirib ki, üç ay əvvəl onun administrasiyası qonşu dövlətlər olan Ermənistan və Azərbaycan arasında traixi sülh sazişinin imzalanmasına vasitəçilik edib: “Bu tarixi razılaşma yeni Tramp marşrutunun (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”-TRIPP) tikintisini də ehtiva edir. Onlar ona mənim adımı verdilər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Əslində bu, böyük bir razılaşma olmaqla yanaşı, beynəlxalq sülh üçün yeni Tramp marşrutudur. Bu, dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən və Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətini artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur. Əminəm ki, bu gün burada olan hər bir ölkə razılaşma ilə ortaya qoyduğumuz fürsəti qəbul edərək sülhün imkanlarından faydalanacaq”.

Zahid Rza, “İki sahil”

Seçilən
71
ikisahil.az

1Mənbələr