AZ

Süni İntellektlə İdarəolunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib  

Süni İntellektlə İdarəolunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumda Azərbaycanın rəqəmsal və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verilib.

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Nümayəndə heyəti Şanxay şəhərində keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edib. Sərgiyə Çinin Baş naziri Li Çian, dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də aparıcı texnologiya şirkətlərinin rəhbərləri qatılıblar.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sərgi çərçivəsində təşkil edilən Süni İntellektlə İdarəolunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumunda çıxış edib.

Azərbaycanın rəqəmsal və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində həyata keçirdiyi islahatlar qeyd edilib. Vurğulanıb ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər”ə uyğun olaraq ölkəmiz davamlı, inklüziv və innovasiyaya əsaslanan rəqəmsal iqtisadiyyat modelini formalaşdırır.

Diqqətə çatdırılıb ki, insan kapitalının və innovasiya yönümlü iqtisadiyyatın inkişafı ölkəmizin inkişaf strategiyasının prioritetlərindəndir. Rəqəmsal təhsil ekosisteminin və ömürboyu təhsilin formalaşdırılması üçün dünyanın qabaqcıl təhsil proqramları ilə əməkdaşlıq edilir. “Coursera” ilə əməkdaşlıq təhsil və iqtisadiyyat sahəsində dövlət qurumları, universitetlər və beynəlxalq tərəfdaşlar arasında yeni sinerji yaradır. Azərbaycanda “Coursera” “Milli Proqramı” çərçivəsində artıq 45 mindən çox vətəndaş Dördüncü Sənaye İnqilabı texnologiyaları və digər sahələrdə bilik və bacarıqlar əldə edib.

Forumda rəqəmsal infrastrukturun, o cümlədən bulud sistemləri, 5G, kibertəhlükəsizliyin modernləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, məlumat əsaslı qərarların qəbulu mexanizmləri barədə müzakirələr aparılıb.

Seçilən
31
4
azerbaijan-news.az

5Mənbələr