AZ

Şuşanın azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri olub

Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsas strateji tapşırıqlarından biri olub.

Ali Baş Komandan İlham Əliyev ordunun qarşısına Şuşanın azad olunması ilə bağlı tapşırıq qoymuşdu. Cəbrayıl və Hadrutun azad olunması ilə Şuşa istiqamətində maneələr aradan qalxdı. Oktyabrın sonlarından Şuşa əməliyyatı üzrə planın icrasına başlanıldı. Azərbaycan Ordusu “Qırmızı bazar” istiqamətinə çıxış əldə etdikdən sonra müəyyən manevrlər edildi. Bu, qarşı tərəfin mövqe dəyişməsinə səbəb oldu. Ermənistan tərəfi düşünürdü ki, Azərbaycan Ordusu bu əməliyyata çoxlu sayda canlı qüvvə səfərbər edəcək. Ordunun əsas hissəsi hücum əməliyyatını imitasiya edərək qrup şəklində Şuşaya daxil oldu.

Azərbaycan Ordusu Şuşaya daxil olduqdan sonra şəhər daxilində də müəyyən əməliyyatlar həyata keçirilib və bu əməliyyatlar nəticəsində işğalçıların aralarında olan rabitə əlaqəsi kəsilib. Bundan sonra qarşı tərəfdə çaxnaşma yaranıb.

İşğalçılar arasında olan çaxnaşma Azərbaycan Silahlı Qüvvələrinin ərazidə daha geniş əməliyyat keçirməsinə imkan yaratdı. Digər qruplar Daşaltı və Cıdır düzü istiqamətində Şuşaya daxil oldular. Şuşanın azad olunması Azərbaycan Ordusu üçün ciddi üstünlük idi. Silahlı Qüvvələrimiz bu üstünlükdən 2023-cü ilin sentyabr ayında keçirdiyi antiterror əməliyyatları zamanı da istifadə etdi.

5 il əvvəl – 2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

“2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik” – deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir.

Bu Qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. İkinci Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Biz bir evdən iki şəhid verib, “Ana Vətən sağ olsun” deyən xalqın nümayəndələriyik. Belə xalqın Ordusu bu Zəfəri qazanması labüd idi.

Həbıb Məmmədov – ehtiyatda olan polkovnik

 

Seçilən
38
veteninfo.az

1Mənbələr