AZ

Mütəxəssis: “Dabaq xəstəliyi Azərbaycanın bölgələrində yayılıb, fermerlər arasında ciddi narahatlıq yaranıb”

“İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyinin mütəxəssisi Ağaməhəmməd Alosmanov 2025-ci ilin oktyabr ayında Azərbaycanın bəzi bölgələrində dabaq xəstəliyinin yayılması ilə bağlı QHT.az-a açıqlama verib.

Onun sözlərinə görə, fermerlər arasında ciddi narahatlıq yaranıb və aidiyyəti qurumlar profilaktik tədbirlər görməyə başlayıb. Xəstəlik əsasən iri və xırdabuynuzlu heyvanlarda müşahidə olunmuşdur. Bu xəstəlik zamanı süd məhsuldarlığı 50–70% azalır ki, bu da fermerlər üçün ciddi iqtisadi itki deməkdir. Azərbaycan 2025-ci ildə Avropa Dabaq Komissiyasının Nizamnaməsinə qoşulub, bu da beynəlxalq nəzarət və koordinasiyanı gücləndirmək məqsədi daşıyır:

"Qonşu ölkələrdə də vəziyyət ciddi risk daşıyır. İranda demək olar ki, ölkənin bütün bölgələrində yayılmışdır. Türkiyədə Şərqi Anadolu bölgəsində (İğdır, Ağrı, Van) epizootik hallar müşahidə olunur, Asia1SAT2 serotiplərinə qarşı peyvənd proqramları həyata keçirilir. İraq və Suriya endemik bölgələrdir, münaqişə şəraiti və zəif baytarlıq nəzarəti səbəbindən xəstəlik mütəmadi yayılır. Rusiya Federasiyasında xüsusilə Şimali Qafqaz bölgəsində (Dağıstan, Çeçenistan, Stavropol, Krasnodar) və Şərqi vilayətlərdə epizootik hallar tez-tez qeydə alınır. Rusiya sərhəd nəzarətini gücləndirsə də, Qazaxıstan və Monqolustanla sərhədlər risk daşıyır. Qazaxıstanda Şərqi vilayətlərdə yoluxma halları qeydə alınıb və ölkə FAO-nun “Progressive Control Pathway” proqramına qoşulub. Monqolustanda Dornod və Sükhbaatar bölgələrində epizootik hallar baş verib, sərhəd nəzarəti və peyvəndləmə tədbirləri gücləndirilib. Özbəkistan və Tacikistanda yoluxma halları qeydə alınıb, Qırğızıstan və Türkmənistan isə peyvəndləmə və sərhəd nəzarətini artırmağa çalışır".

QHT sədri həmçinin bildirib ki, dabaq xəstəliyi yalnız heyvan sağlamlığına deyil, həm də kənd təsərrüfatı iqtisadiyyatına ciddi təsir göstərən qlobal epizootik problemdir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə nəzarət mexanizmlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq bu xəstəliyin yayılmasının qarşısını almaqda həlledici rol oynayır.

Seçilən
27
1
qht.az

2Mənbələr