Futbol üzrə İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünə uğurlu start vermiş “Arsenal” rekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, bu barədə Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
“Topçular” bütün turnirlərdə ardıcıl 8 oyunda qol buraxmadan qalib gəliblər. Bu, İngiltərə Premyer Liqa təmsilçilərinin rekordunun təkrarıdır.
1889-cu ildə “Preston”, 1920-ci ildə “Liverpul”, 1903-cü ildən sonra isə “Arsenal” 8 görüşdə qol buraxmadan qalib gəlib.
Qeyd edək ki, komanda son olaraq ötən gün azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında “Slaviya”nı (Praqa, Çexiya) 3 cavabsız qolla üstələyib.
London təmsilçisi ÇL-in Liqa mərhələsində keçirdiyi 4 oyunun hamısında qalib gəlib və “Bayern”lə birgə 12 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. Bu komanda İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 10 oyuna topladığı 25 xalla vahid liderdir. “Topçular” keçirdikləri 10 oyunda 8 qələbə qazanıblar, 1 heç-heçə ediblər və 1 məğlubiyyətə üzülüblər. Top fərqi isə 18:3 nisbətindədir.

