“Dövlət büdcəsindən növbəti il üçün ƏƏSMN-nin fəaliyyət istiqamətləri üzrə 2 milyard 834 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari il üzrə ayrılan vəsait ilə müqayisədə 112 milyon manat (və ya 4%) çoxdur.
Bu vəsaitin 97%-i və ya 2 milyard 751 milyon manatı əhaliyə ödənişlərə sərf ediləcək ki, bu da cari illə müqayisədə 151 milyon manat (və ya 5,8%) çoxdur”.
Paralel.az xəbər verir ki , bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat nəzərdə tutulub:
“Həmçinin imtiyazlı şəxslərin (şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin) mənzillərlə təminatına 50 mln. manat vəsait xərclənməsi nəzərdə tutulur ki, bu vəsaitin 10 mln. manatı DSMF-nin investisiya gəlirlərinin, 40 mln. manatı isə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdiriləcəkdir”.