AZ

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin hər bir çağırışı gələcəyimiz üçün mühüm yol xəritəsidir  

Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi, təhsildə də özünü qabarıq şəkildə göstərir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Bir sözlə, müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələrin uğurlu icrası üçün zəruri addımlar atılır. Təbii ki, hər dövrün öz tələbləri vardır. Bu baxımdan təhsil hər bir ölkənin inkişaf səviyyəsinin müəyyənləşdirilməsində, yeni-yeni hədəflərə doğru inamla irəliləməsində əsas amillərdən biridir. Son 22 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması istiqamətində biri-birindən önəmli addımlar atır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda bütün bu məqamlara bir daha diqqəti yönəltdi. Akademiyanın 80 il ərzində böyük yol keçdiyini, Azərbaycanda elmin inkişafında aparıcı rol oynadığını önə çəkən Prezident İlham Əliyev vurğuladı ki, bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı. Bu siyasət müstəqillik illərində də davam etdirildi. Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və ölkəmizdə intellektual potensial daha da güclənib. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərində təhsil alırlar. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdır və ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın uğurlarının zirvəsində tarixi Zəfərimiz dayanır. Onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi xüsusi qeyd edilir.

Milli Məclisin deputatı bildirib ki, ölkəmizin dayanıqlı inkişafının əsasında iqtisadi tərəqqi dayanır. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə aparılan siyasətin əsasında dayanır. Son 22 ildə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı daha da inkişaf etdirir, iqtisadi möcüzələr ölkəsi kimi tanıdır. Artıq bu gün əminliklə qeyd edə bilərik ki, yalnız neft-qaz deyil, qeyri-neft sektoru da uğurla inkişaf edir. Bu sahədə mövcud imkanlar əlaqələrin inkişafında, investisiyaların cəlbində əhəmiyyətli rol oynayır. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən yığıncaqda “Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektorudur” deyən Prezident İlham Əliyev bildirdi ki, bu, ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlamdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür. Güclü iqtisadiyyatımız azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə, güclü hərbi potensialı yaratmağa imkan verir.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Onların həyata keçirilməsi üçün ölkəmiz hər bir sahədə böyük potensiala, təcrübəyə malikdir. Hər bir çağırış gələcəyimiz üçün mühüm yol xəritəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin qeyd olunduğu 2015-ci ildən bizləri ayıran 10 ilik zaman Azərbaycanın tarixinə möhtəşəm uğurları yazdı. Bu gün hər birimiz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə qürur duyuruq.

Seçilən
19
7
azerbaijan-news.az

8Mənbələr