AZ

Yenidən İrəvana getdi – FOTO

Topçubaşov adına Bakı Analitik Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov yenidən İrəvana gedərək orada keçirilən “Orbeli Forumu: Sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edib.

Paralel.az xəbər verir ki , bu barədə “Sputnik Ermənistan” nəşri yazıb.

Onun sözlərinə görə, Azərbaycanda ictimaiyyət və media vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfərinin nəticələrinə ciddi maraq göstərir.

Hüseynov qeyd edib ki, Azərbaycan cəmiyyətində barışıq prosesinə münasibət birmənalı deyil – müsbət qiymətləndirənlər də var, mənfi baxanlar da.

“Münaqişə xatirəsi hələ də güclüdür və irəliləmək üçün vaxt lazımdır,” – deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, iki xalq arasında dialoqa diqqət artır, İrəvana səfər isə etimadın bərpası istiqamətində bir addım olub.

“Bir çoxları müsbət yanaşır, media səfərin nəticələri ilə fəal maraqlanır. Düşünürəm ki, erməni nümayəndə heyəti Azərbaycana gələndən sonra burada da oxşar reaksiya olacaq. Biz hazırda qarşılıqlı tanıma mərhələsindəyik,” – deyə Hüseynov bildirib.

O xatırladıb ki, Ermənistan və Azərbaycan cəmiyyətləri son 30–40 il ərzində bir-birindən təcrid olunmuş vəziyyətdə yaşayıblar.

“Bu gün qarşıdurma ritorikasını davam etdirmək də mümkündür, bir-birimizi dinləməyə və anlamağa çalışmaq da. Vacib olan odur ki, indi bizdə ikinci yolu seçmək imkanı var,” – deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 22-si İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Dəyirmi masada Azərbaycan tərəfini Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, 1news.az xəbər portalının baş redaktoru Kəmalə Məmmədova, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.


Seçilən
6
2
paralel.az

4Mənbələr