AZ

Neft bazarında yeni mərhələ: qiymətlər niyə ucuzlaşır?

Qlobal enerji bazarında son günlər müşahidə olunan qiymət enişi bir çox suallar doğurub. OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı neftin qiymətlərinə birbaşa təsir göstərib və bu, təkcə iqtisadi deyil, həm də geosiyasi maraqların toqquşduğu bir mərhələni formalaşdırıb. Ekspertlər bildirirlər ki, hasilatın artırılması qərarı qısamüddətli dövrdə bazarda sabitlik yaratsa da, uzunmüddətli perspektivdə qiymətləri daha da aşağı sala bilər.

İqtisadçı-ekspert Xalid Kərimli Editor.az-a açıqlamasında bildirib ki, OPEC+ ölkələrinin neft hasilatını artırmaq qərarı qlobal bazarda qiymətlərin ucuzlaşmasına səbəb olub:

“Neftin qiymətləri hazırda məhz hasilat artımı ilə bağlı gözləntilərə görə enir. OPEC+ ölkələri pandemiya dövründə hasilatı kəskin azaldaraq 10 milyon barel səviyyəsində azalma həyata keçirmişdi. İndi isə həmin məhdudiyyətlərin qalan hissəsinin – təxminən 2 milyon barelin bazara qaytarılması prosesi gedir. Yəni son məhdudiyyətlər də tədricən ləğv olunur və bu da qiymətləri aşağı salır”.

İqtisadçı vurğulayıb ki, hazırda OPEC+ dünya neft bazarının təxminən 50 faizinə nəzarət edir:

“Bazarın digər yarısı isə bu qərarlara əməl etmir. OPEC+ hasilatı azaltdıqda, həmin ölkələr daha çox satış həyata keçirir. Bu isə rəqabəti artırır və bazar balansını pozur. Ona görə də OPEC+ ölkələri məcburdur ki, hasilatı nisbətən artırsın və bazar payını itirməsin”.

Ekspertin sözlərinə görə, bu prosesə ABŞ-ın təsiri də nəzərə çarpır:

“ABŞ-nin təzyiqləri təkcə siyasi deyil, həm də iqtisadi xarakter daşıyır. ABŞ son illər neft hasilatını sürətlə artıraraq bazarda öz payını böyüdüb. Beləliklə, OPEC+ ölkələri həm qiymətləri qorumaq, həm də bazar paylarını itirməmək üçün balanslı qərar verməyə məcbur qalıblar”.

// Gülnarə Abasova, Editor.az

Seçilən
57
editor.az

1Mənbələr