AZ

Prezidentin verdiyi o İSMARIŞ... – Paşinyan ermənilərin Qarabağa dönüşünü niyə istəmir?

Prezident İlham Əliyev dünən Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında Ermənistanla münasibətlərdən də danışdı. Bir necə vacib mesaj verdi. O sırada Çar Rusiyasının xəritələrinə əsasən indiki Ermənistan ərazisinin qədim Türk yurdu olduğunu bir daha diqqətə çatdırdı.

Bu mesajı belə də oxuya bilərik: o torpaqlara ermənilər gəlmə-köçürülmə olsa da, Azərbaycan yenə beynəlxalq hüquqa sayğılıdır. Yəni ki, ağıllı olsunlar, Nikol Paşinyanın dediyi “Real Ermənistan”ın qədrini bilsinlər, “Dəmir yumruq”dan düzgün dərs götürüb sülh müqaviləsinin imzalanmasını gecikdirməsinlər...

İlham Əliyev çıxışında Ermənistandan zorla qovulmuş azərbaycanlılardan da söz açdı. Sitat: “Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”.

Doğrudan da hansı qorxudan və ya riskdən söhbət gedə bilər, əgər söhbət sırf təməl insan haqqından gedirsə və soydaşlarımız yaşadıqları ölkənin qanunlarına, konstitusiyasına həmişə riayət ediblərsə? Bunun əksini isbatlayan hər hansı dəlil-sübut ortada yox. O səbəbə Prezident əmin-arxayın deyir ki, azərbaycanlıların qayıdışı erməni xalqını və dövlətini qorxutmamalıdır. Biz xalqımızı yaxşı tanıyırıq, onun xarakterinə, genetik kodlarına yaxşı bələdik. Bəs qonşularımız?..

Məsələ də ondadır ki, baş nazir Nikol Paşinyan bu gün İrəvandakı forumda çıxışı zamanı ermənilərin Qarabağa qayıdışı məsələsinin gündəmə gətirilməsini tam əksinə, sülh üçün riskli saydığını deyib. “Artıq söyləmişəm, geri dönüş mövzusunu sülh üçün zərərli hesab edirəm. Həmçinin bildirmişəm ki, onların qayıdışı məsələsi təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, - baş nazir əlavə edib.

Məntiqlidir. Sərt reallıq belədir ki, əgər soydaşlarımız öz dədə-baba yurdlarından hələ ötən əsrin 80-90-cı illərində, özü də vəhşicəsinə çıxarılıbsa, Azərbaycandakı ermənilərə qarşı zorakılıqlar törədilməyib. Onların hətta öz mülklərini satmasına şərait yaradılıb. Qarabağın erməni əhalisi isə 2023-cü ilin sentyabrında öz xoşu ilə, könüllü şəkildə çıxıb gedib, az qala gül-çiçəklə yola salınıb.

Hərgah bunu haqq eləməmişdi. Çünki dinc, qanunpərəst azərbaycanlılardan fərqli olaraq, Qarabağdakı separatçı kütlə dövlətimizə və xalqımıza qarşı 35 il ərzində (1988-2023) qalmayan oyunlardan çıxmış, sitəmlər eləmiş, bəşəri cinayətlər törətmişdilər. Ayrı sözlə, ermənilər öz işlərini yaxşı bilir. Necə deyərlər, qayıdışı üçün adamda üz də olmalıdır...

Azərbaycanlı qaçqınların isə təbii ki, belə problemi və ya kompleksi yoxdur. Üstəgəl, biz ermənilər daxil, heç bir topluma qarşı etnik təmizləmələr, soyqırımları həyata keçirməmiş, allahsızlıqlara imza atmamışıq. 2-ci Qarabağ müharibəsində də buna getmədik, qisas hissinə tabe olub da dinc əhali ilə, uşaqlarla, qocalarla vuruşmadıq, onlara toxunmadıq.

Aramızdakı ən böyük fərq bu. Zira, biz xarakter etibarilə olduqca humanist, tolerant, mərhəmətli xalqıq. Amma vay o günə ki, o biri sifətimizi göstərmək zorunda qalaq. Çünki rəhmli olduğumuz qədər də zalıma, işğalçıya, hərbi canilərə, uşaq qatillərinə qarşı sərt və amansızıq. Bunu kim bilməsə də, gərək ki, qonşu toplum artıq hamıdan yaxşı bilir...

Z.SƏFƏROĞLU

Seçilən
46
musavat.com

1Mənbələr