Bakı, 4 noyabr, AZƏRTAC
Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, təsisçisi olduğu “iamzerv academy”nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb.
Kursla bağlı elan verəndən sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini A.İsmayılovun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.
Onun əməlləri barədə daxil olan şikayətlər üzrə araşdırmalar davam etdirilir.