AZ

Prezidentin çıxışı bir daha göstərdi ki, elm və texnologiya Azərbaycan üçün strateji prioritetdir



"Cənab Prezidentin AMEA-nın 80 illik yubileyi ilə bağlı toplantıdakı çıxışı özündə həm strateji mesajlari, həm də dövlət siyasəti ilə bağlı önəmli çağırışları ehtiva etdi. Çıxış təkcə akademik mühit üçün deyil, həm də dövlət siyasətində elmin rolu və gələcək prioritetlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, prezidentin əsas vurğularından biri elmə dövlət dəstəyinin artması oldu:

"Son on ildə elmi tədqiqatlara ayrılan vəsaitin iki dəfədən çox artması göstərir ki, Azərbaycan dövləti elmə yalnız nəzəri fəaliyyət deyil, strateji resurs kimi yanaşır. “Elmin inkişafı haqqında” qanun, Milli elmin inkişaf strategiyası və Dövlət proqramları kimi sənədlər şübhəsiz ki, ölkənin uzunmüddətli strateji maraqları baxımından olduqca önəmlidir. Dövlət başçısı çıxışında təbii resursların tükənə biləcəyini, lakin insan intellektinin davamlı inkişaf edə biləcəyini vurğulayaraq, insan kapitalının strateji əhəmiyyətini önə çəkdi".

Politoloq qeyd edib ki, çıxışın əsas mövzularından biri texnologiya və rəqəmsallaşma ilə bağlı idi:

"Cənab Prezident süni intellekt və digər innovativ texnologiyaların dövlətin prioritet sahəsinə çevrildiyini qeyd etdi. Ölkə başçısının da dediyi kimi rəqəmsallaşma yalnız idarəetmənin səmərəliliyini artırmır, həm də elmi tədqiqatların keyfiyyətini yüksəldir".

Politoloq onu da vurğulayıb ki, çıxışda yeni reallıqları və bu reallıqların gətirdiyi vəzifələri qeyd edən ölkə başçısı ərazi bütövlüyünün bərpası və ərazilərimizdə artıq xarici hərbi qüvvələrin olmamasına da toxunaraq yeni reallıqlara uyğun olaraq elmin rolu və qarşıda duran vəzifələrin də dəyişdiyini, sadəcə özünü qorumaq deyil, qabağa çıxmaq, təşəbbüskar olmağın vacibliyini önə çəkdi:

"Prezidentin bu mövqeyi Azərbaycanın intellektual potensialının milli inkişaf modelində mərkəzi yer tutduğunu göstərir".

Prezident çıxışında alimlərdən yeni yanaşmalar, təşəbbüskar düşüncə və praktiki tətbiqlər gözlənildiyini də vurğuladı. O dedi ki, akademiya gələcəkdə yalnız tədqiqat aparmaqla kifayətlənməməli, həm də iqtisadiyyat, həm texnologiya, həm də dövlət idarəçiliyi sahələrinə strateji töhfələr verməlidir".

Yusif Bağırzadə, "Prezidentin çıxışı bir daha göstərdi ki, elm və texnologiya Azərbaycan üçün strateji prioritetdir. Dövlət alimlərdən yalnız tədqiqat aparmağı deyil, həm də innovativ və tətbiqi yanaşmalarla ölkənin inkişafına konkret töhfə verməyi gözləyir"-, deyə vurğulayıb.

Süleyman
Seçilən
68
newscenter.az

1Mənbələr