AZ

QHT Şəhid Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun xatirəsini anıb - FOTOLAR

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhid xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun anım gününü qeyd edib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, tədbir zamanı şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub:

"İştirakçılar Şahinin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan qürurla söz açıblar. Şəhidimizin xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq".

 

Qeyd edək ki, Şahin Allahyarov 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub, 1995-ci ildən Quba rayonunda yaşayıb. 2011–2012-ci illərdə həqiqi hərbi xidmət keçib, 2016-cı ildən Dövlət Sərhəd Xidmətində müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən baş gizir Şahin Allahyarov 2020-ci il noyabrın 1-də Şuşa döyüşlərində şəhid olub və Quba rayonunun Zizik kəndində dəfn edilib.

Prezident İlham Əliyevin sərəncamları ilə o, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, həmçinin “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhun şad olsun, Qəhrəman Şahin!

Seçilən
68
qht.az

1Mənbələr