AZ

“Paşinyan qalib gəlsə, Türkiyə və İran sərhədlərindən Rusiya sərhədçiləri çıxarılacaq” ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannamə regionda yeni siyasi reallıqlar formalaşdırıb. Təhlilçilər də qeyd edib ki, bu sənəd Cənubi Qafqazda Qərbin təsirini artırmaqla yanaşı, Rusiyanın bölgədəki mövqelərinə də ciddi təsir göstərə bilər.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Gununsesi.info-ya açıqlamasında bu prosesin mümkün nəticələrini şərh edib.

“Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannamə və sülh sənədinin paraflanması Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcını qoydu. ABŞ bu prosesdə Zəngəzur dəhlizini — TRİP marşrutunu nəzarətə götürməklə Qərb və Şərqi birləşdirən Orta Dəhlizin əsas strateji xəttinə nəzarət etmək imkanı qazanır.

Regionda sülh və təhlükəsizlik üçün əsas təhdid hələ də Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası, həmçinin Zəngəzur istiqamətində İran-Ermənistan sərhədini qoruyan Rusiyanın Federal Sərhəd Qoşunlarıdır. ABŞ, Türkiyə və Böyük Britaniyanın Cənubi Qafqaz strategiyasının əsas məqsədi bu hərbi kontingentin Ermənistandan çıxarılmasıdır. Bunun üçün Vaşinqton N. Paşinyanın siyasi mövqeyini gücləndirməyə yönəlmiş dəstək verir.

Ermənistan Baş naziri artıq növbəti parlament seçkilərinə hazırlaşır və seçki kampaniyasını “Qarabağsız Ermənistan” şüarı üzərində qurur. Bu, Ermənistan müxalifəti üçün ciddi zərbə olmaqla yanaşı, bədnam “Miatsum” ideologiyasının rəsmi şəkildə iflası və Rusiyanın 200 illik “Qarabağ kartına” vurulan mühüm zərbədir. N. Paşinyan “Real Ermənistan” konsepsiyasını önə çəkərək “tarixi Ermənistan” ideyasından faktiki imtina edir”-deyə o əlavə edib.

Siyasi şərhçi deyib ki, əgər Paşinyan seçkilərdə qalib gələcəksə, onun növbəti addımı Türkiyə və İran istiqamətindəki sərhədlərdən Rusiya sərhədçilərinin çıxarılması olacaq. Daha sonra isə Gümrüdə yerləşən 102-ci hərbi bazanın bağlanması məsələsini gündəmə gətirməsi istisna deyil:

“Rusiya rəhbərliyi Paşinyanın seçkidən sonra atacağı bu addımları qabaqcadan təxmin edir. Buna görə də Moskva Ermənistanda Kilsə, ordu və müxalifət qüvvələrindən istifadə edərək Paşinyanı devirmək planları qurur. Öz növbəsində, Paşinyan da bu təzyiqlərə qarşı hücuma keçib və Rusiyanın siyasi təsir mexanizmlərini zəiflətməyə çalışır”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
35
icma.az

10Mənbələr