AZ

Daxildə stereotiplər, xaricə mesaj: Paşinyan və Ermənistanın geosiyasi yönümləri- ÖZƏL

Parlamentdə Türkiyə-Ermənistan münasibətlərinə dair sualı cavablandıran Ermənistan Baş naziri Nikol Paşinyan illərdir davam edən gərginliyin köklərinə aydınlıq gətirib. O bildirib ki, Ermənistanda Türkiyə və Azərbaycana qarşı formalaşmış qərəzli təsəvvürlərin mənbəyi Rusiya və Sovet dövrünün təbliğatıdır.  "Türklərə dair təsəvvürümüz Rusiya tərəfindən uydurulub", - deyən Paşinyan cəmiyyətin düşüncə tərzinin KQB-nin illər əvvəl formalaşdırdığı çərçivədən hələ də tam qurtulmadığını vurğulayıb. 
Paşinyanın Sovet və Rusiya təbliğatını məsuliyyətli göstərməsi regiondakı geosiyasi balansı necə dəyişə bilər? 
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib: 
" Paşinyanın son açıqlaması ilk baxışdan praqmatik və realist səslənsə də, əslində Ermənistanın uzun illərdir zəhərləndiyi ideoloji mühitlə hesablaşma cəhdi kimi oxunmalıdır. Onun "Türklərə dair təsəvvürümüz Rusiya tərəfindən uydurulub" etirafı həm daxili auditoriyaya, həm də Qərbə yönəlmiş simvolik mesajdır. Bu, Ermənistanın siyasi kursunda Rusiya təsirindən qismən uzaqlaşmaq niyyətini göstərir. Lakin bu cür bəyanatlar təkbaşına dərin köklü stereotipləri dəyişməyə yetərli deyil. Sovet dövründən qalan düşmən obrazı təkcə təbliğat deyil, həm də Ermənistanın dövlət kimliyinin bir hissəsinə çevrilib. Paşinyanın bu narrativi sarsıtmaq cəhdi daxildə ciddi müqavimətlə qarşılanacaq. Rusiya üçün isə bu, Yerevanın daha açıq Qərb istiqamətinə yönəldiyi mesajıdır. Moskva bu tendensiyanı susqun izləməyəcək və iqtisadi, təhlükəsizlik alətləri vasitəsilə təzyiqləri artıra bilər. Türkiyə-Ermənistan sərhədinin "yaxın gələcəkdə" açıla biləcəyi barədə optimist bəyanat isə reallıqda hələ bir sıra şərtlərdən asılıdır. Bu prosesin uğuru ilk növbədə Ermənistan-Azərbaycan münasibətlərində etimadın bərpasına bağlıdır. Bakı ilə sülh sazişi imzalanmadan və ərazi bütövlüyü tam qəbul edilmədən Ankara ilə tam normallaşma çətin görünür. Ankara da bu məsələdə Bakının mövqeyini dəyişməz prinsip kimi qoruyur. Buna görə sərhədin açılması barədə verilən mesajlar daha çox diplomatik jest xarakteri daşıyır. Əgər bu proses gerçəyə çevrilsə, regionda iqtisadi inteqrasiya və nəqliyyat əlaqələrinin genişlənməsi üçün mühüm imkanlar yarana bilər. Azərbaycan üçün isə bu, kommunikasiyaların bərpası və regional əməkdaşlıq platformalarının möhkəmlənməsi baxımından faydalı ola bilər. Amma hər şey Ermənistanın real niyyətinə və daxildəki revanşist dairələrin müqavimətinə qarşı necə davranacağına bağlı olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
50
olaylar.az

10Mənbələr