AZ

Biz oturub Kremldən tarixi həqiqətlərin etiraf edilməsini gözləməməliyik

Azərbaycanın savaş meydanında aşkar qələbələri və rəsmi Bakının postmüharibə dövründə Ermənistanı sülhə məcbur etmək istiqamətində atdığı davamlı addımlar nəticəsində Ermənistanın Baş naziri Nikol Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə və öz xalqını irqçilik, mllətçilik azarından xilas edərək sülhə hazırlamağa başlayıb. Paşinyanın Ermənistan və Azərbaycan ictimai fikirində oturuşmuş qarşılıqlı etimadsızlıq və stereotiplərlə bağlı səsləndirdiyi fikirlər də onun ilk növbədə öz xalqını yenidən tərbiyələndirmək, “tarixi Ermənistan” miflərini “real Ermənistan” düşüncəsi ilə əvəz etmək niyyətindən irəli gəlir. Məhz bu baxımdan Ermənistan baş nazirinin erməni ictimai şüurunda türklərlə, azərbaycanlılarla bağlı formalaşmış ənənəvi düşmənçilik stereotiplərinin Rusiya tərəfindən, daha konkret desək, keçmiş “KQB” (Dövlət Təhlükəsizliyi Komitəsi) tərəfindən yaradıldığını bildirməsi olduqca əhəmiyyətlidir.

Cəmiyyətdəki qarşılıqlı etimadsızlıq və düşmənçilik münasibətlərinin sovet dövründən qalma təsəvvürlərə əsaslandığını vurğulayan N.Paşinyan tamamilə haqlı olaraq qeyd edib ki, regionda sülh və sabitliyin bərpası üçün köhnə stereotiplərdən, “KQB” agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmaq vacibdir. Ancaq çox təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın Ermənistanın baş nazirinin sözügedən açıqlamasına reaksiyası adekvat deyil. Zaxarova ənənəvi (Lavrov sayağı) toksik ampluasına sadiq qalaraq köhnə “KQB”-nin müdafiəçisi rolunda çıxış edib və hazırda erməni cəmiyyətində kök salmış stereotiplərin “KQB” ilə, sovet ideoloji siyasəti ilə bağlı olmadığını isbat etməyə çalışıb və eyni zamanda, qondarma “erməni soyqırımı”nın “KQB”-nin yaradılmasından çox-çox əvvəl baş verdiyini xüsusi olaraq vurğulayıb.

Rusiyalı diplomatın bu yanaşması sözsüz ki, sağlam və obyektiv yanaşma deyil. Ancaq digər tərəfdən isə nə Mariya Zaxarovadan, nədəki onun “boss”larından istər çar Rusiyası və sovet quruluşunun, istərsə də müasir Rusiyanın Cənubi Qafqazda yürütdüyü ənənəvi “Parçala və hökm sür” siyasəti ilə bağlı obyektiv açıqlama və ya səmimi etiraflar gözləməyimizə dəyməz. Kreml bu cür etiraflara öyrəncəli deyil. Rusiya rəhbərliyi Kremlin tarixən Cənubi Qafqaz xalqları arasında etimadsızlıq və düşmənçilik münasibətlərinni formalaşdırmağa çalışdığını heç vaxt etiraf etməz.

Bu baxımdan biz oturub Kremldən tarixi həqiqətlərin etiraf edilməsini gözləməməliyik. Önəmli olan budur ki, bu gün Ermənistana rəhbərlik edən Nikol Paşinyan nəhayət özünü normal, adekvat düşünən və sülhün əhəmiyyətini başa düşən şəxs kimi aparmağa başlayıb. O, öz xalqını dərindən sevən bir siyasətçi kimi erməniləri tarixi səhvlərdən çəkindirmək, onları yaxşılığa doğru dəyişmək, ağıllandırmaq yolunu tutub. Paşinyan artıq bütün varlığı ilə anlayır ki, regionda sülh içində yaşamaq üçün öz xalqını mifik xəyallardan, tarixi uydurmalardan uzaqlaşdırmalıdır.

Ermənilər üçün ən yaxşı yol xəstə təxəyyüllərdən əl çəkmək və qonşulara qarşı ərazi iddialarına son qoymaq yoludur. Paşinyanın bu həqiqəti dərk etməsi və 44 günlük İkinci Qarabağ müharibəsinin beşinci ildönümü ərəfəsində belə bir mövqe sərgilməsi heç şübhəsiz ki, müsbət haldır. Görünən budur ki, artıq ermənilər arasında Rusiyanın forpostu rolunda çıxış etməyin və Türk dünyasının əleyhinə maşa kimi istifadə olunmağın doğru yol olmadığını dərk edənlərin sayı artmağa başlayıb.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Seçilən
48
25
ictimairey.az

10Mənbələr