AZ

Yaponiyanın yeni Baş naziri Şimali Koreya lideri ilə görüşmək istədiyini açıqladı

Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla şəxsi danışıqlar aparmağa hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Pxenyana artıq mesaj göndərdiyini deyib. Baş nazir açıqlamasını 1970-ci illərdə Şimali Koreya tərəfindən qaçırılan Yaponiya vətəndaşlarına həsr olunmuş tədbirdə səsləndirib.

“Mən artıq Şimali Koreya tərəfinə zirvə görüşü keçirmək istədiyim barədə mesaj çatdırmışam”, – Takaiçi “Kyodo” agentliyinə bildirib.

O, bu məsələdə irəliləyiş əldə etmək və baş nazirliyi dövründə qaçırılan vətəndaşlar problemini həll etmək niyyətində olduğunu vurğulayıb.

Qaçırılan yaponlar məsələsi Tokio və Pxenyan arasında münasibətlərdə ən həssas mövzulardan biri sayılır. 2002-ci ildə Şimali Koreya 13 Yaponiya vətəndaşının qaçırıldığını etiraf edib, onların beşi geri qaytarılıb, digərləri isə ölü elan edilib.

Xatırladaq ki, 2024-cü ilin martında Kim Çen Inın bacısı Kim Yo-jong Pxenyanın Tokio ilə hər hansı danışıqlardan imtina etdiyini açıqlamış və bu məsələni “tam bağlanmış səhifə” adlandırmışdı.

Seçilən
61
1
operativmm.az

2Mənbələr