AZ

APEC liderləri Cənubi Koreyada toplaşıblar

Pekin, 31 oktyabr, AZƏRTAC

Cənubi Koreyanın Kyoncu şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv tərəflərin liderlərinin 32-ci zirvə toplantısı başlayıb.

AZƏRTAC xəbər verir ki, “Dayanıqlı gələcəyin qurulması” mövzusunda keçirilən tədbirin əsas mövzusu birtərəfli ticarət və digər maneələrin çoxaldığı şəraitdə dayanıqlılığı artırmaq və iqtisadi inkişafı stimullaşdırmaq yollarını müzakirə etməkdir. Toplantıda APEC-ə üzv tərəflərin liderləri, o cümlədən Çin Xalq Respublikasının Sədri Si Cinpin, Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə yanaşı qonaq ölkə beynəlxalq təşkilatların rəhbərləri də qatılır. ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da APEC-in biznes forumunda iştirak etdikdən sonra Cənubi Koreyanı tərk edib.

Cənubi Koreya Prezidenti Li Cemyönün ofisindən verilən məlumata görə, 2 gün davam edəcək toplantıda liderlər Asiya-Sakit okean regionunu daha açıq, dinamik və dayanıqlı etmək yollarını müzakirə edəcəklər. Sonda Kyoncu Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, APEC ölkələrinin təsisçiləri Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Koreya Respublikası və Yaponiyadır. Bundan əlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili, Rusiya, Vyetnam və Peru daxildir. APEC-in üzvü olan tərəflər qlobal ümumi daxili məhsulun 60 faizini təmin edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
41
5
azertag.az

6Mənbələr