“Liverpul” İngiltərə Liqa Kubokunun dördüncü raundunda evdə “Kristal Pelas”a 0:3 hesabı ilə uduzub. Beləliklə, mersisaydlılar son 7 oyunun 6-da məğlub olublar.
QOLaz-ın “Opta Sport”a istinadən yaydığı məlumata görə, sentyabrın 27-dən bəri “Liverpul” Avropanın ən güclü beş liqası arasında bütün yarışlarda ən çox oyun uduzan komanda olub.
Bu müddətdə “qırmızılar” ardıcıl dörd Premyer Liqa matçında (“Kristal Pelas” – 1:2, “Çelsi” – 1:2, “Mançester Yunayted” – 1:2, “Brentford” – 2:3) məğlub olub, Liqa Kubokundan kənarlaşdırılıb və Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a (0:1) uduzub.
Komandanın bu dövrdə yeganə qələbəsi Çempionlar Liqasının 3-cü turunda “Ayntraxt” üzərində 5:1 hesablı qələbə olub.
Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın gələcək rəqiblərindəndir. Bu komandalar arasında mərhələnin son turunun oyunu yanvarın 28-də İngiltərədə keçiriləcək.