Amerikanın “Nvidia” korporasiyası 5 trilyon dollar kapitallaşma ilə dünyanın ən dəyərli ictimai şirkəti olub, bu barədə “Bloomberg” məlumat yayıb. Çip istehsalçısının səhmləri 3,5% bahalaşaraq bir səhm üçün 208,05 dollara çatıb. Bu artım ABŞ prezidenti Donald Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə “Nvidia” çiplərinin Çinə ixracını müzakirə etmək niyyətini bildirməsindən sonra baş verib.
Nəşrin qeyd etdiyinə görə, “Nvidia”nın dəyərinin sürətli artımı süni intellekt sahəsindəki qlobal bumla və şirkətin baş direktoru Censen Xuanqın (Jensen Huang) yeni müqavilələr bağlaması ilə əlaqəlidir. Şirkət “Nokia”, “Samsung Electronics” və “Hyundai Motor Group” kimi nəhəng korporasiyalarla tərəfdaşlıq əlaqələrini genişləndirir.
“Bloomberg”in məlumatına əsasən, yalnız 2025-ci ildə Nvidia səhmləri 50%-dən çox bahalaşıb, bu isə S&P 500 indeksinin ümumi artımının təxminən beşdə birini təmin edib. Analitiklər qeyd edirlər ki, 5 trilyon dollarlıq bazar dəyəri hələ bir neçə ay əvvəl “təsəvvürəgəlməz” görünürdü.
Xuanq əvvəllər yeni nəsil çipləri təqdim edib və onların şirkətə 500 milyard dollara qədər gəlir gətirə biləcəyini bildirib. O, həmçinin vurğulayıb ki, “Nvidia” hələ də böyümə zirvəsindən çox uzaqdır.
28 oktyabrda “Apple” səhmlərinin artımı şirkətə ilk dəfə 4 trilyon dollarlıq bazar kapitallaşmasına çatmağa imkan verib. Bununla da “Apple” “Microsoft” və “Nvidia”dan sonra bu həddi keçən dünyanın üçüncü şirkəti olub.
“Apple” səhmlərinin artımı sentyabrda təqdim olunan yeni iPhone 17 seriyasının uğurlu satışları fonunda baş verir. Son iki həftədə şirkətin səhmləri 12 ticarət günündən 11-də yüksəlib və analitiklər gözləyirlər ki, Apple-ın IV maliyyə rübü üzrə hesabatı bu müsbət tendensiyanı təsdiqləyəcək.