Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın çip istehsalçısı "Nvidia" bazar kapitalizasiyasını 5 trilyon dollara yüksəldərək bu həddi aşan ilk şirkət olub.
Banco.az xəbər verir ki, şirkətin səhmlərinin qiyməti 4 faizdən çox artaraq 210,80 dollar olub. Bu artım nəticəsində Nvidia-nın bazar dəyəri 5,1 trilyon dollara çatıb.
Oktyabrın 28-də proqram tərtibatçıları, mühəndislər və texnologiya mütəxəssislərinin qatıldığı tədbirdə Nvidia-nın baş direktoru Censen Huang şirkətin süni intellekt (AI) sahəsində əldə etdiyi yeni nailiyyətləri təqdim edib.
Huang bildirib ki, "Nvidia" ABŞ Energetika Nazirliyi ilə birlikdə 7 süni intellektli superkompüter hazırlayacaq. Şirkət, həmçinin AI çipləri üçün 500 milyard dollarlıq sifariş gözlədiyini açıqlayıb.
Nvidia, eyni zamanda, Finlandiyanın “Nokia” şirkətinə 1 milyard dollarlıq sərmayə qoyacağını və Palantir Technologies, Uber, Eli Lilly və Oracle kimi nəhəng şirkətlərlə əməkdaşlıq etdiyini də bəyan edib.
Xatırladaq ki, Nvidia-nın bazar dəyəri 2023-cü ilin fevralında ilk dəfə 2 trilyon dolları, iyunda 3 trilyon dolları, iyulda isə 4 trilyon dolları keçmişdi. Süni intellekt çiplərinə artan qlobal tələbat şirkətin dəyərinin rekord səviyyəyə yüksəlməsində əsas rol oynayıb.
Hazırda dünyanın ən dəyərli şirkətləri sırasında Nvidia birinci yerdədir. Onun ardınca Microsoft (4,03 trilyon dollar) və Apple (4 trilyon dollar) gəlir.