Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri səhiyyə sahəsidir. Azərbaycan Respublikasında son illər ərzində bu istiqamətdə aparılan davamlı islahatlar nəticəsində səhiyyə sisteminin institusional və infrastruktur əsasları gücləndirilib, icbari tibbi sığorta mexanizminin tətbiqi genişləndirilib, müasir tibb müəssisələri istifadəyə verilib. Aparılan islahatların əsas məqsədi hər bir vətəndaşa keyfiyyətli, əlçatan və bərabər tibbi xidmətlərin göstərilməsinin təmin edilməsidir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq, bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə artmaqda davam edir. Belə ki, 2026-cı il üçün icmal büdcənin səhiyyə xərcləri 3 milyard 746 milyon manat müəyyən edilib. Bu 2024-cü il illə müqayisədə 1 milyard 70 milyon manat və ya 40 faiz, 2025-ci illə müqayisədə isə 227 milyon manat və ya 6,4 faiz çoxdur. Son 5 ildə ümumilikdə səhiyyə xərcləri mütləq ifadədə 2,3 milyard manat və ya 2.6 dəfə artıb.
Gələn il üçün səhiyyə sahəsi üzrə xərclərin tərkibində icbari tibbi sığorta üzrə xərclər 2,6 milyard (73,2 faiz) manat proqnozlaşdırılır. Bu 2024-cü ilin faktiki icrası ilə müqayisədə mütləq ifadədə 468 milyon manat və ya 21,7 faiz, 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 371 milyon manat və ya 16,5 faiz çoxdur.
Bildirilməlidir ki, 2026-cı ildə icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsi məqsədilə gəlirlərinin diversifikasiyası aparılıb, icbari tibbi sığorta haqları, dövlət büdcəsindən ayrılan vəsait və fondun əvvəlki illərdə formalaşmış ehtiyat vəsaitləri hesabına zəruri maliyyə təminatı tam təmin edilib.
İTSDA gələn il də Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlərin maliyyələşməsini genişləndirəcək. Hazırda agentlik Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi, ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə sığorta hesabına qarşılanması istiqamətində işlər aparır.
Qeyd edək ki, ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələrinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur. Dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul olunub. Bu qərarlarla dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların xidmətlər zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib.